Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər öz pis əməllərində soyuducu və televizorlardan istifadə ediblər


“Proofpoint” şirkətinin ekspertlərinin aşkar etdikləri botnet şəbəkəsinin tərkibinə adi kompüterlərlə yanaşı, "ağıllı" məişət texnikası və elektronika da daxil olub. Hesabata əsasən, botnet şəbəkəsi spam mesajlarının göndərilməsi üçün istifadə olunub.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, botnetin tərkibinə təxminən 100 min qurğu daxil olub və 2013-cü ilin 23 dekabrından 6 yanvar 2014-cü il tarixinədək fəallıq göstərib. Bu vaxt ərzində kibercinayətkarlar onun köməyi ilə 750 min arzuolunmaz məktub göndərməyə müvəffəq olublar. Bu məktubların 25%-dən çoxu məişət qurğularının köməyi ilə göndərilib.

“Proofpoint” tədqiqatçıları botnetə daxil olan və ənənəvi kompüterlərə aid olmayan qurğuları "thingbots” adlandırıblar. Ekspertlərin fikrincə, internetə çıxış imkanına malik "ağıllı" məişət elektronikası hakerlər üçün asan hədəfdir, çünki hər şeydən əvvəl qoruma sistemlərinə (antivirus və antispam) malik deyil.

“Proofpoint” şirkətindən bildirilib ki, dekabr-yanvar aylarında qeydə alınmış zərərli aktivlik internet əşyalara qarşı birinci kiberhücum ola bilər. Əşyaların internet adı altında adətən internetə çıxış imkanına malik və məlumatları “bulud”da saxlayan ümumi idarə mərkəzinə malik məişət qurğularının sistemi başa düşülür.
Əşyaların interneti sinfinə xas sistemlər yanvarın 10-da bitmiş “CES” sərgisində nümayiş etdirilib. Məsələn, “Samsung” və “LG” şirkətləri SMS-in köməyi ilə idarə olunan soyuducu, paltaryuyan maşın və tozsoran nümayiş etdiriblər.

“IDC” analitik şirkətinin 2013-cü ilin oktyabrında açıqlanmış proqnozuna əsasən, 2020-ci ilədək internetə çıxış imkanına malik 212 milyard əşya olacaq.

Emil Hüseynov
 




21/01/14    Çap et