Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Prokurorluq orqanlarında İKT-nin tətbiqi ilə əlaqədar AŞPA ilə fikir mübadiləsi aparılıb
Azərbaycan Respublikasının prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi ilə əlaqədar AŞPA rəsmiləri ilə fikir mübadiləsi aparılıb.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Baş Prokurorluq (BP) informasiya yayıb. BP-dən bildirilib ki, baş prokuror Zakir Qaralov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ilə görüşüb.
Azərbaycan ilə Avropa Şurası arasında səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə ölkəmizin AŞ qarşısında götürdüyü öhdəliklərin icrası vəziyyəti müzakirə olunub, məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü islahatların aparılması, o cümlədən müasir informasiya texnologiyalarının geniş tətbiqi və prokurorluğun kadr korpusunun gənc mütəxəssislər hesabına komplektləşdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi və digər maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Həmməruzəçilər ölkəmizdə gedən demokratik prosesləri diqqətlə izlədiklərini, ötən prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirildiyini bildirərək Azərbaycan Prokurorluğu ilə səmərəli qarşılıqlı fəaliyyətə görə minnətdarlıqlarını ifadə ediblər.
SEYMUR
22/01/14 Çap et