Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“5G” şəbəkələri avtomobillərdə tətbiq ediləcək
İsveçin şəbəkə aparat təminatı istehsalçısı “Ericsson” şirkətinin proqnozuna əsasən, 2020-ci ilədək bəzi qabaqcıl avtomobil modellərində quraşdırılmış kompüterlərin işi üçün “5G” şəbəkəsi tələb olunacaq. “Ericsson” şirkətinin texniki direktoru Ulf Edvaldson deyir ki, gələcək avtomobillər məcburi surətdə şəbəkə qurğuları ilə təchiz ediləcək, həm də artıq “Ericsson” şirkəti məlumatların simsiz ötürülməsi texnologiyasını avtomobillərə inteqrasiya etmək üçün həm “AT&T” kimi mobil operatorlarla, həm də avtomobil istehsalçıları ilə iş qurub.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Edvaldsonun sözlərinə görə, avtomobillərin işıqlı gələcəyi mobil şəbəkələrin dəstəklənməsindən ibarətdir. O, həmçinin xatırladıb ki, Las-Veqasda keçirilmiş “CES 2014” sərgisində şirkət bir sıra avtomobil şəbəkə həlləri nümayiş etdirib.
Avtomobillərin avtonom sürülməsi sistemləri kimi perspektivli avtomobil texnologiyaları daha yüksək sürətlə ötürülən böyük həcmli məlumatlar tələb edir. “Ericsson” şirkətindən bildirilib ki, hərçənd “5G” texnologiyaları hələ dəqiq texniki tərifə malik deyil, şirkət əmindir ki, onların bazasında bir çox avtomobil yenilikləri yaradılacaq. Şirkət əmindir ki, kommersiya “5G” həlləri avtomobillərə təxminən 2020-ci ilədək inteqrasiya ediləcək.
Emil Hüseynov
22/01/14 Çap et