Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Nəzarətçilərin elektron qeydiyyatı” sistemində adları olan müəllimlərlə seminar-məşğələlərin keçirilməsi davam etdirilir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən yaradılmış “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində məlumat bazasında respublikanın 2095 orta təhsil müəssisəsindən olan 14669 nəzarətçi-müəllim haqda məlumatlar daxil edilib. Onlardan 1990 nəfəri test imtahanlarına ilk dəfə nəzarətçi qismində cəlb olunacaq müəllimlərdir.
Hazırda isə TQDK tərəfindən keçiriləcək test imtahanlarına nəzarətçi qismində cəlb olunacaq müəllimlərlə seminar-məşğələlərin keçirilməsi davam etdirilir. TQDK-dan bildirilib ki, respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanı, həmçinin ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı üzrə nəzarətçilər üçün xüsusi təlimatlar da mövcuddur.
“Zal nəzarətçisinin təlimatı”na əsasən, nəzarətçinin imtahana mobil telefon, kalkulyator, əl çantası, kitab, jurnal və s. gətirməsi qəti qadağandır: “İmtahanın keçirildiyi yerdən asılı olmayaraq bütün hallarda onun keyfiyyətinin dövlət standartlarına uyğun olması təmin edilir. Bu standartlara həm elmi, həm təhlükəsizlik, həm də nizam-intizam nöqteyi-nəzərindən aid olan məsələlər daxildir. Əvvəlki illərdə olduğu kimi, bu il də imtahanın məzmununa aid materialların hamısı mərkəzdə – Bakıda hazırlanıb, onların nüsxələri çoxaldılaraq regional mərkəzlərə göndərilib. İmtahanların keçirilməsi ilə bağlı
yerlərdə təlimlər təşkil edilib, yerli müəllimləri bu prosesə hazırlamaq üçün əvvəlcə onlar sınaq imtahanlarına cəlb edilib, sonrakı mərhələdə isə TQDK-nın regional bölmələri tərəfindən keçirilən treninqlərdə iştirak ediblər”. Bu treninqlərdə onlara bir daha qəbul imtahanlarının texnologiyası, nəzarətçi-müəllimin imtahanda vəzifələri izah edilib və onlar qəbul imtahanlarında iştiraka hazırlanıblar: “Bölgələrdə yaşayıb fəaliyyət göstərən müəllimlər yalnız təşkilati işlərə deyil, elmi-metodiki fəaliyyətə də cəlb ediliblər. Artıq 4 ildir ki, internet proqramlarının tətbiqi sayəsində TQDK-nın inzibati binası ilə bölgələr arasında canlı videobağlantı qurulur və bu yolla TQDK-nın nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlarda ölkənin ayrı-ayrı regionlarında çalışan müəllimlərin, mütəxəssislərin də iştirakı təmin edilir. Beləliklə, respublika üzrə bu sahəyə marağı olan müəllimlər üçün geniş imkanlar yaradılır”.
Qeyd edək ki, “Nəzarətçilərin elektron qeydiyyatı sistemi” Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən imtahanlarda nəzarətçi kimi iştirak etmək istəyən və edən şəxslərin elektron qeydiyyatı, o cümlədən onlar haqda məlumatların dəqiqləşdirilməsi üçün yaradılıb.
Sistemin istifadəçiləri kimi TQDK-nın administratoru, TQDK-nın məsul şəxsi, TQDK-nın regional bölmələri, Rayon Təhsil şöbələri və məktəblər nəzərdə tutulub.
Həqiqət İSABALAYEVA
22/01/14 Çap et