Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Telekommunikasiya avadanlığı bazarının həcmi yenidən artacaq
2014-cü ildə dünyanın telekommunikasiya operatorları avadanlığın alınmasına xərcləri artıracaqlar. Ən böyük sərmayə yatırımı Çin və Avropada gözlənilir.
"Gartner" tədqiqat qrupunun proqnozlarına görə, bu il mobil operatorlar üçün nəzərdə tutulmuş şəbəkə avadanlığının qlobal satış həcmi 85,4 milyard dollar təşkil edəcək ki, bu da ötən illə müqayisədə 3% daha çoxdur. Yaponiya istisna olmaqla, Asiyada bazarın həcmi 7%, Avropa və Şimali Amerikada 6% artacaq. "Dell'Oro" analitikləri 2014-cü ildə telekommunikasiya avadanlığının satış həcminin artımını 3% qiymətləndirir.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ötən il "China Mobile" şirkəti Çində "TD-LTE" şəbəkəsini sınaqdan keçirib. 2013-cü ilin sonunadək operator ölkənin 100 şəhərində təxminən 200 min "TD-LTE" baza stansiyası istismara verməyə ümid edirdi. Avadanlıq tədarükləri üçün sifarişlərin təxminən 66%-i yerli "Huawei" və "ZTE" şirkətlərinə həvalə edilib.
2013-cü ildə Britaniyanın "Vodafone" şirkəti "Project Spring" proqramının həyata keçirilməsinə təxminən 9 milyard dollar ayırdığını bəyan edib. Layihə çərçivəsində 2016-cı ilin martınadək Avropa Birliyinin "4G" şəbəkələrinin əhatə dairəsi və məlumatların ötürülmə sürəti nəzərəçarpacaq dərəcədə artacaq. "Ericsson" və "Huawei" şirkətləri "Vodafone" operatorunun ən böyük tərəfdaşlarıdır.
Avropanın telekommunikasiya bazarının inkişafı daha da sürətlənə bilər, bunun üçün yüksəksürətli şəbəkələrin inkişafı üzrə strategiyanı "Telefonica", "Telecom Italia" və "Deutsche Telekom" daxil olmaqla, başqa operatorlar da dəstəkləməlidir.
"Strategy Analytics" analitiklərinin qiymətləndirməsinə əsasən, 2013-cü ilin nəticəsinə görə, LTE mobil rabitəsindən istifadə edən abunəçilərin sayı 238 milyon təşkil edib. 2018-ci ildə bu göstərici 2 milyardı ötəcək.
Emil Hüseynov
23/01/14 Çap et