Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2014-cü ildə ƏMDK tərəfindən əlavə e-xidmətlər yaradılacaq
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) fəaliyyəti barəsində ictimaiyyətə dolğun məlumatın ötürülməsi məqsədi ilə bu il dövlət proqramlarının əhatə etdiyi sahələr üzrə internet portallarının yaradılmasını həyata keçirəcək. “ICTnews.az” bildirir ki, bu, ƏMDK-nin 2014-cü il üçün hazırladığı İş Planında göstərilib. Sözügedən plandan bəlli olur ki, komitə ictimai maraq kəsb edən qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakını genişləndirmək vasitəsi kimi rəsmi internet səhifəsindən istifadə edilməsini (vətəndaşların təklif və rəylərinin qəbul edilməsi, müzakirələrin təşkil edilməsi, interaktiv sual-cavab bölmələrinin yaradılması və s.) genişləndirəcək.
Komitə bu il ərzində öz səlahiyyətlərinə uyğun olaraq həyata keçirdiyi elektron xidmətlər barədə ictimai təqdimatlar keçirəcək. Elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində addımlar atacaq: "Eyni zamanda, il ərzində rüsumların, xidmət haqlarının, icarə haqlarının və digər ödənişlərin elektron qaydada ödənilməsinin təkmilləşdirilməsi ilə bağlı işlər görüləcək”.
ƏMDK cari ildə regionlarda əhalinin daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərdən istifadə imkanlarının artırılması üzrə tədbirlərin həyata keçirilməsini planlaşdırıb. Üstəlik, komitədə satınalma prosedurları nəticəsində bağlanan satınalma müqavilələrinin vahid məlumat bazasının yaradılması və yenilənməsi prosesi aparılacaq.
Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə prosesində şəffaflığın artırılması məqsədi ilə 2014-cü ildə hərracların təşkili zamanı elektron idarəetmə sisteminin tətbiqinə başlayacaq. Vətəndaşların real vaxt rejimində hərraclarda qeydiyyatdan keçməsi təmin ediləcək.
Seymur Qasımbəyli
23/01/14 Çap et