Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cənubi Koreya milli “5G” şəbəkəsinin inkişafına 1,5 milyard dollar yatıracaq


Cənubi Koreya hökuməti simsiz "5G" şəbəkəsinin inkişafına 1,6 trilyon von (1,5 milyard dollar) yatırmaq niyyətindədir. Bu barədə "France-Presse" agentliyi Cənubi Koreya Elm Nazirliyinin rəsmi bəyanatına istinadən məlumat verib. 

Beşinci nəsil rabitə şəbəkəsinin 2017-ci ildə sınaq istismarına, 2020-ci ilin dekabrında kommersiya istifadəsinə verilməsi planlaşdırılır. Yeni şəbəkənin sürətinin hazırda istifadə olunan "4G" şəbəkəsinin sürətindən təxminən min dəfə çox olacağı gözlənilir ki, bu da 800 Mbayt tutumlu faylları 1 saniyəyə yükləməyə imkan verəcək.

Cənubi Koreya hökuməti şəbəkə üzərində işə "SK Telecom" və "Korea Telecom" milli rabitə operatorlarını, eləcə də "Samsung" və "LG" şirkətlərini cəlb etmək fikrindədir. Nazirliyin məlumatına görə, şəbəkə işə salındıqdan sonra 2020-2026-cı illərdə "5G" şəbəkəsi və müvafiq qurğular üçün avadanlığın istehsalı ilə məşğul olan şirkətlərin satış həcmi 331 trilyon vondan (təxminən 310 milyard dollar) çox ola bilər.
"5G" üçün avadanlığın istehsalı ilə Cənubi Koreyanın "Samsung" şirkəti və bir müddət əvvəl 2018-ci ilədək bu istiqamətdə 600 milyon dollar yatırmaq niyyətində olduğunu bildirən Çinin "Huawei" şirkəti məşğul olur, - "Digit www.digit.ru" yazır.




23/01/14    Çap et