Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda Avropa Birliyinin layihəsi əsasında hava şəraitinə monitorinq sistemi yaradılır
Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun “Enerji qənaətedici radiasiya prosesləri” laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor İslam Mustafayev fevralın 10-da Moldovanın Kişinyov şəhərinə ezam olunacaq.
Məqsəd professorun milli koordinator olduğu “Hava keyfiyyətinin idarə olunması” layihəsinin idarəedici komitəsinin fevralın 11-də keçiriləcək toplantısında iştirak etməkdir. Avropa Birliyinin layihəsinin ölkə üzrə əlaqələndirici orqanı olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da İ.Mustafayevlə bərabər bu səfərə yollanacaqlar.
İnstitutdan qeyd edilib ki, “Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Regional Fəaliyyət Planı” əsasında hazırlanan layihə Azərbaycanla yanaşı, Gürcüstan, Moldova, Rusiya, Belarus, Ukrayna, Ermənistanda da həyata keçirilir. 2011-2014-cü illəri əhatə edən layihə çərçivəsində Azərbaycanda Hava keyfiyyətinin idarə olunması üzrə milli qanunvericiliyin təkmilləşdirilməsi, Beynəlxalq Konvensiya üzrə protokolların ratifikasiya olunması, Sumqayıtın hava şəraitinə monitorinq sisteminin yaradılması istiqamətində pilot layihələr gerçəkləşdirilir.
Həqiqət İSABALAYEVA
24/01/14 Çap et