Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində internet tarixində ən böyük fasilə yaranıb


Yanvarın 21-də saat 3:15-dən etibarən Çinin yüz milyonlarla internet istifadəçisi populyar “Baidu” və “Sina” saytları daxil olmaqla bir sıra yerli saytlara çıxış imkanından məhrum olub.

Buna Çin hökumətinin 2003-cü ildə quraşdırdığı internet kontentinin filtrasiya sisteminin işində fasilənin yaranması səbəb olub. Sistem vasitəsilə Çin dövləti vətəndaşların xoşagəlməyən xarici internet resurslarına və nəşrlərinə çıxışını bağlayır.

Təsadüf nəticəsində yerli resursları açmaq istəyən istifadəçilər ABŞ-ın sistemdən yan keçmək üçün “Freegate” servisini təqdim edən “Dynamic Internet Technology” (DIT) şirkətinin saytına yönəldiliblər. “DIT” internetin işində fasilələrin yaranmasına aidiyyəti olmadığını bildirib.

Fasilə təxminən səkkiz saat davam edib və bəzi ekspertlər onu tarixdə ən böyük fasilə adlandırıb.
 
Öz növbəsində, hökumət fasilənin hazırkı dövlət rejimi əleyhdarlarının kiberhücumları nəticəsində törədilməsi iddiasını rədd edib. Hökumət nümayəndələri bildiriblər ki, işdə fasilə sistemin sazlanması zamanı buraxılmış texniki səhv nəticəsində yaranıb.
Çinin informasiya təhlükəsizliyi sahəsində ixtisaslaşan "Qihoo 360 Technology” şirkətinin məlumatına görə, fasilə Çinin “DNS” serverlərinin üçdə bir hissəsinin işinə toxunub. “DNS” serverləri rəqəmli “IP” ünvanlarını domenlərin əlifba hərfləri ilə bağlayaraq internetin fəaliyyətini təmin edir, - "CNews www.cnews.ru” yazır.




24/01/14    Çap et