Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” istifadəçilərə məlumatları ABŞ-dan kənarda saxlamağa icazə verəcək
"Microsoft" şirkəti ABŞ-da yaşamayan istifadəçilərə öz məlumatlarını ABŞ-dan kənarda saxlamaq imkanı verəcək. Bu haqda "The Financial Times" nəşrinə müsahibəsində "Microsoft"un əsas hüquq məsləhətçisi Bred Smit deyib.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Microsoft"un data mərkəzləri dünyanın müxtəlif ölkələrində yerləşir. Hüquq məsləhətçisinin sözlərinə görə, məsələn, Almaniyada yaşayan istifadəçi öz məlumatlarını İrlandiyada yerləşən data mərkəzin serverlərində, Braziliya sakini Braziliyada saxlaya biləcək.
Smit deyib ki, "Microsoft"un bu təşəbbüsü ABŞ Milli Təhlükəsizlik Agentliyinin fəaliyyətinə cavabdır. "İnsanlar bu və ya digər ölkədə hökumətin onların məlumatlarına giriş hüququna malik olub-olmaması haqqında öyrənmək imkanına malik olmalıdırlar – hüquq məsləhətçisi deyib. Onlar, həmçinin onların informasiyalarının saxlanılacağı yeri seçmək imkanına malik olmalıdırlar".
Lakin Smit data mərkəzin seçimi prosesinin təşkili və "Microsoft"un hansı servislərində bu cür opsiyanın olacağını dəqiqləşdirməyib.
Emil Hüseynov
24/01/14 Çap et