Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BSU-da “VikiUniversitet” layihəsinə başlanılıb


Qloballaşan dünyada  informasiyanın yayılması və qəbul edilməsi, demək olar ki, sərhəd tanımır. Özündə müxtəlif dillərdə saysız-hesabsız  məqalələr toplusunu birləşdirən “vikipedia.org” saytı dünyanın ən populyar informasiya daşıyıcılarındandır.  Saytda azərbaycandilli məqalələr də mövcuddur, amma, təəssüf ki,  onlar həm kəmiyyət, həm də keyfiyyət baxımından qənaətbəxş deyildir.
 
Nəzərə alaq ki, “Vikipediya” həm də güclü bir təbliğat vasitəsidir  və orada yerləşdirilən məlumatlarla bütün  dünya tanış olmaq imkanı əldə edir. Dövlətimiz son zamanlar bu sahəyə diqqəti daha da artırıb. Buna bariz nümunədir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2013-cü ili “İnformasiya- kommunikasiya texnologiyaları ili” elan etmişdir və bu çərçivədə həyata keçirilən tədbirlər planına “Vikipediya” kimi qlobal informasiya resurslarında Azərbaycanla bağlı  məlumatların sayının artırılması, ölkəmizdə “Vikipediya” könüllülük hərəkatının genişləndirilməsi daxil edilib.
 
 
Bu münasibətlə ölkəmizin  ali təhsil müəssisələri arasında ilk olaraq Bakı Slavyan Universiteti (BSU) öz yeni layihəsi olan “VikiUniversitet”lə “Vikipediya” hərəkatına qoşulub. Bu barədə "ICTnews.az"a  BSU-nun mətbuat xidmətindən məlumat verilib.
 
Məlumatda qeyd olunur ki, universitet rektorluğunun geniş iclasında  “VikiUniversitet” adlı qurumun struktur baxımdan formalaşması, onun əsas fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, həmçinin müxtəlif sahələr üzrə məqalələrin hazırlanması məsələləri müzakirə edilib. BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev bu qurumun formalaşmasını və ciddi fəaliyyətə başlamasını günün tələbi kimi vurğulayaraq Azərbaycanla bağlı gerçəklərin dünya ictimaiyyətinə dolğun, eyni zamanda düzgün şəkildə  çatdırılmasında “Vikipediya”nın əvəzsiz üstünlüyündən danışıb. Qərara alınıb ki,  “VikiUniversitet”in çoxşaxəli işinə BSU-nun professor-müəllim heyətinin üzvləri, tədqiqatçı və mütəxəssislərlə yanaşı, müasir informasiya texnologiyalarından istifadəyə xüsusi maraq göstərən fəal tələbələr də cəlb edilsin.
 
 
“VikiUniversitet” fəaliyyətinin ilkin mərhələsində BSU-da keçirilən beynəlxalq konfransları və simpoziumları, müxtəlif elm sahələri üzrə gerçəkləşən layihələri, fakültə və kafedraların, elmi-tədqiqat laboratoriyaları və tədris-mədəniyyət mərkəzlərinin işini, elmi və pedaqoji fəaliyyətini, zəngin və mənalı tələbə həyatını, universitetin daim genişlənən beynəlxalq əlaqələrini əks etdirən məlumatları müxtəlif dillərdə “Vikipediya” oxucularına təqdim edəcəkdir.
 
Yaxın gələcəkdə isə müasir Azərbaycan gerçəklikləri, qədim tariximiz və zəngin mədəniyyətimiz ilə bağlı məqalələrin ümumilikdə isə azərbaycançılıq məfkurəsinin inkişafına, ölkəmizin dünyada nüfuzunun daha da artmasına xidmət göstərə biləcək hər bir addımla bağlı məlumatların tükənməz oxucu auditoriyasına çatdırılmasında israrlıdır.
 
 
Seymur Qasımbəyli
 




24/01/14    Çap et