Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Kurio 4S” uşaq smartfonu təqdim edilib


Bu günədək müxtəlif istehsalçılar uşaqlar üçün nəzərdə tutulmuş xeyli sayda planşet istehsal ediblər. Lakin "uşaq" smartfonları hələ ki çoxluq təşkil etmir və "KD Interactive" şirkəti məhz belə yenilik təqdim edib.
"ICTnews" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, yeni aparat "Kurio 4S" adlandırılıb.

Cihaz texniki xarakteristikasına görə göz oxşamır: 800x480 piksel təsvir ölçülü 3,97 düymlük ekran, naməlum takt tezlikli ikinüvəli prosessor, müvafiq olaraq 1 və 8 QB əməli və daxili yaddaş, həmçinin 2,1 və 0,3 meqapiksel təsvir ölçülü  kamera və 2000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

"Kurio 4S" smartfonu "Android 4.2" əməliyyat sisteminin öncədən quraşdırılmış tətbiq dəstinə malik xüsusi versiyası ilə işləyir, həmçinin valideyn nəzarəti və genişləndirilmiş təhlükəsizlik funksiyaları nəzərdə tutulub. Məsələn, valideynləri günün vaxtından asılı olaraq smartfondan istifadəyə müəyyən məhdudiyyətləri təyin edə, kontaktlar siyahısına nəzarət edə və internetə çıxış imkanını filtrdən keçirə, həmçinin GPS naviqasiya peykinin məlumatına görə uşağın yerini izləyə bilərlər. Bundan başqa, "Kurio 4S" smartfonunun yaddaşına xilasetmə xidmətinin nömrələri yazılıb və smartfonun söndürmə düyməsinin üç dəfə sıxılması səssiz SOS mesajı göndərir.

Emil Hüseynov




25/01/14    Çap et