Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-da internetin ən çox nifrət oyadan istifadəçisi həbs edilib
"BBC News" yazır ki, ABŞ-da qisas, şantaj və qorxutma məqsədi ilə insanların açıq-saçıq fotoşəklini dərc etmiş saytın sahibləri həbs edilib.
İstintaqın versiyasına görə, 27 yaşlı Xanter Mur və 24 yaşlı Çarlz Evens Kaliforniya ştatının sakinlərinin kompüter və elektron poçt qutularına müdaxilə edərək fotoşəkilləri ələ keçiriblər. Mur saytın sahibi, Evens isə muzdla tutulmuş hakerdir. Bir neçə yüz insan cinayətkarların "qurban"ı olub.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, Mur və Evensə qarşı bir neçə maddə üzrə ittiham irəli sürülüb.
İttihamların məcmusu üzrə onları həbs cəzası gözləyir.
Müstəntiqlər deyiblər ki, ələ keçirilmiş fotoşəkillər orda təsvir edilmiş insanların razılığı olmadan dərc edilib ki, bu da ayrıca qanun pozuntusu hesab edilir.
Fotoşəkildə təsvir edilmiş insanların icazəsi olmadan açıq-saçıq fotonun nəşrini qadağan edən qanun Kaliforniyada 1 oktyabr 2013-cü il tarixində qüvvəyə minib. Sözügedən qanunun qəbulu "porno qisas" (insanlar keçmiş sevgililərinin açıq-saçıq fotoşəklini internetə yerləşdirirlər) halının geniş yayılması ilə bağlıdır.
Emil Hüseynov
25/01/14 Çap et