Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Belarusla elm və texnologiya sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Azərbaycanla Belarus arasında elm və texnologiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün təklif və tövsiyələr verilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə tərəfindən irəli sürülən bu təkliflər Belarus Respublikasının Baş naziri M.V.Myasnikoviçlə keçirilən görüşdə səsləndirilib.
AMEA-dan verilən məlumata görə, görüş akademikin Belarusa səfəri çərçivəsində baş tutub. Belə ki, AMEA prezidenti, akademik Akif Əlizadə və Elmi-təşkilat idarəsinin müdiri, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov Belarus Milli Elmlər Akademiyasının (BMEA) yaranmasının 85 illiyi və Belarus Elm Gününə həsr olunmuş tədbirlərdə iştirak etmək məqsədilə Minsk şəhərində səfərdə olublar. Səfər zamanı AMEA-nın nümayəndə heyəti "Elm – cəmiyyətin innovasiya yolu ilə inkişafı" beynəlxalq elmi-praktik konfransda, BMEA-nın 85 illik yubileyi və Belarus Elm Gününə həsr olunmuş təntənəli yığıncaqda iştirak ediblər.
Səfər çərçivəsində AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə BMEA prezidenti, akademik V.Q.Qysakovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş də keçirilib. Görüşdə iki ölkə arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, AMEA ilə BMEA arasında ikitərəfli əməkdaşlıq haqqında Protokol imzalanıb.
Həmçinin səfər zamanı akademik Akif Əlizadə BMEA-nın Yer Elmləri Bölməsində bir sıra görüşlər keçirib, Belarus Milli Kitabxanasının fəaliyyəti ilə yaxından tanış olub.
Həqiqət İSABALAYEVA
28/01/14 Çap et