Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Milli Təhlükəsizlik Agentliyi vətəndaşları hansı proqramlar vasitəsilə izləyir?


ABŞ-ın elektron casusluqla məşğul olan Milli Təhlükəsizlik Agentliyi və onun Britaniya analoqu olan Hökumət Rabitəsi İdarəsi məşhur əlavələr vasitəsilə smartfon sahibləri haqda məlumat toplamağa imkan verən xüsusi üsullar işləyiblər.

“ICTnews” xəbər xidmətinin  “www.cybersecurity.com” saytına istinadən verdiyi məlumata əsasən, bu barədə  “The New York Times” və “The Guardian” ABŞ xüsusi xidmətlərinin keçmiş əməkdaşı Edvard Snoudenə istinadən  yazıblar.

Amerika və Britaniya kəşfiyyatının smartfon istifadəçilərinin şəxsi məlumatlarının toplanması və saxlanılması üzrə əməkdaşlığı 2007-ci ildən etibarən başlayıb. İlkin mərhələdə bu proqram bir çox proqramları əhatə edib, lakin  getdikcə daha da genişlənib. Hazırda izləmə sistemi  “Facebook”, “Flickr”, “LinkedIn”, “Twitter” kimi məşhur sosial şəbəkələri, həmçinin bir çox oyunları, misal üçün, “Angry Birds” oyununu əhatə edir.
“The New York Times” bildirib ki, bu əlavələr vasitəsilə istifadəçinin əlaqələr siyahısına və onun telefon zəngləri haqda məlumatlara çıxış əldə edirlər. Eni zamanda,  istifadəçinin  cinsi, yaşı, siyasi baxışları haqda məlumat əldə edirlər. Bundan başqa onlar “Google Maps” vasitəsilə istifadəçinin yerləşdiyi yer haqda məlumat və geonişanlı istifadəçi şəkillərini əldə edirlər. Hazırda bu proqramların əhatə dairəsi  və onun hansı ölkələrin əhalisini izlədiyi məlum deyil.
 
Ağ Evin rəsmi nümayəndəsi Jey Karni jurnalistlərin “The New York Times”ın məqaləsini şərh etməklə bağlı müraciətinə cavab verərək bildirib ki, Amerikanın kəşfiyyat qurumları yalnız təhlükəsizliyi təhdid edən insanları izləyirlər. Milli Təhlükəsizlik Agentliyi isə öz növbəsində bildirib ki, sıravi amerikalılar smartfon və ya sosial şəbəkələr vasitəsilə şəxsi məlumat toplamı proqramının  obyekti deyillər.
 
"Biz yalnız kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti üçün maraqlı ola biləcək və toplanmasına qanunla icazə verilmiş   məlumatları toplayırıq", - qurumun bəyanatında bildirilib. 
 
Aynur Vəliyeva
 




28/01/14    Çap et