Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Macarıstanın dövlət katibi: “Azərbaycanla İKT sahəsində əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar var”


Yanvarın 28-də Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilib.
 
Azərbaycan tərəfindən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Komissiyanın iclasında Xarici İşlər, Rabitə və İnformasiya Texnologiyaları, Energetika, Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət və Turizm, Təhsil, Səhiyyə, Gənclər və İdman nazirliklərinin, Dövlət Mülki Aviasiya Administrasiyasının, Mərkəzi Bankın, "Azərsu" ASC-nin, ARDNŞ-in yüksək vəzifəli rəsmiləri iştirak ediblər.
 
 
Macarıstan tərəfi isə iclasda bu ölkənin xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. İclasda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Macarıstan arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, Azərbaycan və Macarıstanın dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin ölkələrimiz arasında qarşılıqlı anlaşma, hörmət və etibar üzərində qurulmuş əlaqələrin inkişafına təkan verdiyini vurğulayıb:
 
 
"Müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Artıq turizm, rabitə və informasiya texnologiyaları, təhsil və baytarlıq sahəsində sahələrarası sənədlər imzalanmağa hazırdır, nəqliyyat, elm və innovasiya, səhiyyə, gənclər və idman sahəsində bir sıra ikitərəfli sənədlər isə müzakirə mərhələsindədir. Əldə olunmuş razılaşmaya əsasən, Macarıstan tərəfi hər il Azərbaycana 200 təqaüd ayırmaq niyyətindədir. Bununla belə, bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün geniş potensial mövcuddur. Kənd təsərrüfatı və qida sənayesi, rabitə və informasiya texnologiyaları sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün yaradılmış işçi qruplar səmərəli fəaliyyət göstərir".
 
 
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Peter Siyarto çıxışında ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini və Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.
 
Peter Siyarto humanitar sahədə Heydər Əliyev Fondu tərəfindən Budapeştdə görmə qabiliyyəti zəif olan uşaqlar üçün yeni layihənin icrasına başlandığını bildirib və buna görə Fonda təşəkkür edib. Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi İKT və tikinti sahəsində əlaqələrin genişləndirilməsi üçün geniş imkanların olduğunu da diqqətə çatdırıb.
 
 
Sonda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyarto imzalayıblar. Sənədə əsasən, iki ölkə arasında ticarət, iqtisadiyyat, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, turizm, su təsərrüfatı, təhsil, birbaşa uçuşların həyata keçirilməsi, mədəniyyət, ekologiya, gənclər, idman və s. sahələrdə əməkdaşlığın davam etdirilməsi, daha da genişləndirilməsi nəzərdə tutulur.
 
Həqiqət İSABALAYEVA




28/01/14    Çap et