MDB ölkələrinin rabitə xidmətləri bazarında 2013-cü ildə cüzi artım qeydə alınıb
Ötən il MDB ölkələri və Gürcüstanın rabitə xidmətləri bazarının həcmi 11,7 milyard dollar təşkil edib, bu da 2012-ci ilin göstəriciləri ilə müqayisədə 2,2% çoxdur.
“ICTnews” xəbər xidmətinin “
www.cnews.ru” saytına istinadən verdiyi məlumata əsasən, yaxın bir neçə il ərzində artım əsasən məlumat ötürməsi xidmətlərinə olan tələbatın artımına əsaslanacaq.
“Ümumilikdə bazar maliyyə göstəricilərinə görə artım nümayiş etməyib. Bu, MDB ölkələrinin əksəriyyətində bazarın həddən artıq doymasının göstəricisidir və əsasən səsli xidmətlər bazarına aiddir”, - PMR analitik şirkətin hesabatında bildirilib.
Bazar nəinki mədaxil nöqteyi-nəzərindən, həmçinin abunə sayına görə də doyma həddinə maksimal dərəcədə yaxınlaşıb. Buna baxmayaraq məlumatların ötürülməsi seqmentində istər internetdə, istərsə də mobil çıxış sahəsində böyük artım potensialı mövcuddur. Bu, MDB ölkələrinin əksəriyyətinə aiddir.
Coğrafi nöqteyi-nəzərdən MDB bazarları inkişaf səviyyəsi, əlçatımlığı, keyfiyyəti və qiymətinə görə fərqlənirlər.
Sərmayədarların müxtəlif bazarlara maraqları və internetə çıxış xidmətlərinin inkişafı ölkələrdə mövcud olan coğrafi şəraitdən, iqtisadi inkişafdan, tənzimləyicilərin çevikliyindən və mədəni fərqlərdən asılıdır.
“Yaxın 3-5 il ərzində biz MDB bazarının keyfiyyət nöqteyi-nəzərindən dəyişikliklər gözləyirik. Lakin maliyyə tərəfdən həcmin əhəmiyyətli artımına ümid etmirik. Bu cür keyfiyyət dəyişiklikləri qismində simli və ya simsiz kanallar üzərindən məlumat ötürməsi sürətinin artımı, həmçinin əsas xidmətlərin qiymətinin azalması ola bilər”, - hesabatda bildirilir.
Aynur Vəliyeva