Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Vahid Avtomatlaşdırılmış İnformasiya Sistemi ərizə ilə müraciət etməyən şəxsin nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinə imkan vermir
Vahid Avtomatlaşdırılmış İnformasiya Sisteminin (VAİS) iş prinsipinə əsasən, ərizə ilə müraciət etməmiş şəxsin nəqliyyat vasitəsi sınaqdan keçirilə bilməz.
Eyni zamanda sınaqdan keçməmiş və sınaq protokolu tərtib edilməmiş nəqliyyat vasitəsi uyğunluq sertifikatı ilə təmin edilə bilməz, dövlət rüsumu və gömrük yığımı ödənilməsi təsdiq olunmasa, sertifikat verilə bilməz. Bu halda sistem uyğunluq sertifikatı almamış nəqliyyat vasitəsinin bəyan edilməsi və gömrük rəsmiləşdirilməsinin aparılmasını mümkünsüz edir.
Bu barədə məlumat verən Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, 2011-ci ilin oktyabrında Dövlət Gömrük Komitəsinin (DGK) Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi ilə birlikdə nəqliyyat vasitələrinin sertifikatlaşdırılması üçün xüsusi VAİS yaradılıb. Bu sistemə görə müraciət ərizələri sertifikat orqanına elektron qaydada daxil olur. Daha sonra nəqliyyat vasitələri eyniləşdirilir, sınaqdan keçirilir və sınaq haqqında protokol tərtib olunur. Sonda təsdiq olunmuş sənədlər bazaya elektron formada daxil edilir və uyğunluq sertifikatı tərtib olunur:
"Həmçinin nəqliyyat vasitəsinin müşayiət sənədlərinin və uyğunluq sertifikatının surətləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və DGK Avtonəqliyyat Baş Gömrük İdarəsinə avtomatlaşdırılmış formada elektron qaydada təqdim olunur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində bu sertifikatlar reyestrə salınır". Komitədən vurğulanıb ki, sertifikatlaşdırma orqanının işi "bir pəncərə" prinsipi əsasında qurulub:
"Nəqliyyat vasitələri inzibati binanın xüsusi ayrılmış hissəsində yoxlanılır, yoxlandıqdan sonra nəqliyyat vasitələrinin sahibləri binaya daxil olub "elektron növbə" əsasında sənəd və sınaq nəticələrini təqdim edərək bir neçə dəqiqə ərzində uyğunluq sertifikatını əldə edirlər".
Həqiqət İSABALAYEVA
30/01/14 Çap et