2013-cü ildə planşetlərin tədarükü 50 faiz artaraq 217 milyon qurğu təşkil edib
2013-cü ilin yekunlarına görə, dünya planşetlər bazarının həcmi 217 milyon qurğu təşkil etməklə 2012-ci illə müqayisədə 50,6 faiz artıb, lakin artım tempi tədricən zəifləyib. Bu barədə “IDC” analitik şirkətinin məlumatında deyilir.
Ötən ilin dördüncü rübündə planşetlərin tədarükü 76,9 milyon ədədə bərabər olub ki, bu da üçüncü rübün tədarük həcmindən 62,4 faiz və 2012-ci ilin analoji dövrünün göstəricisindən 28,2 faiz çoxdur. Bununla yanaşı, “IDC” analitikləri bazarın artım tempində azalmanın qeydə alınmasını bildirirlər. Belə ki, 2012-ci ilin dördüncü rübündə planşetlərin tədarükü 2011-ci ilin analoji dövrü ilə müqayisədə 87,1 faiz yüksəlib.
“İnkişaf etmiş ölkələrin bazarları artıq yüksək həddə çatsa da, inkişaf etməkdə olan ölkələrdə planşetlərə tələbat artmaqda davam edir, bu isə əvvəlki artım tempinin saxlanılması üçün yetərli deyil. İnkişaf etmiş bazarlarda artım biznes seqmentində planşetlərə tələbat sayəsində saxlanılacaq, halbuki istehlak sektoru nisbətən zəif olmaqda davam edəcək”, - “IDC”-nin planşetlər üzrə direktoru Tom Maynelli bildirib.
“Apple” şirkəti 2013-cü ilin dördüncü rübündə 26 milyon qurğu tədarük etməklə planşetlər bazarının lideri olaraq qalıb. Bu, 2012-ci ilin analoji dövrünün göstəricisindən 13,5 faiz çoxdur. “IDC”-nin məlumatına görə, bu nəticə şirkətin tarixində ən yaxşı göstərici olub, halbuki ABŞ istehsalçısının bazar payı bir il əvvəlki 38,2 faizdən 33,8 faizədək azalıb. İkinci yeri ötən ilin dördüncü rübündə tədarük həcmi iki dəfə artaraq 14,5 milyon təşkil edən “Samsung” şirkəti tutub. 2012-ci ilin analoji dövründə Koreya şirkətinin göstəricisi 7,8 milyon qurğuya bərabər olub. “Samsung”un bazar payı ümumilikdə 18,8 faiz artıb. Liderlər beşliyində həmçinin əsasən ABŞ bazarında təmsil olunan “Amazon” (dünya bazarının 7,6 faizi), “Asus” (3,9 faiz) və “Lenovo” (3,4 faiz) şirkətləri yer alıb, - “Digit
www.digit.ru” yazır.