Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AzScienceNet”-in fəaliyyətinin səmərəliyinin artırılması istiqamətində tədqiqatlar davam etdiriləcək


2014-cü ildə “AzScienceNet” elm kompüter şəbəkəsinin fəaliyyətinin səmərəliyinin artırılması, kompüter şəbəkəsində virtual hesablama mühitlərinin sintezi məsələləri ilə bağlı tədqiqat işləri aparılacaq. AMEA İnformasiya Texnologiyaları İnstitutundan (İTİ) verilən məlumata gərə, bu fikri İTİ-də Elmi şuranın iclasında institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov səsləndirib.
 
Rəhbərlik etdiyi şöbənin 2014-cü il üçün fəaliyyət planına dair təqdimatla çıxış edən baş mühəndis bildirib ki, bu il “Korporativ istifadəçilər qrupuna göstərilən İnternet xidmətlərinin səmərəliyinin artırılması üçün model və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işinin müdafiə edilməsi nəzərdə tutulur.
 
 “AzScienceNet” şəbəkəsinin istismarı və inkişaf etdirilməsi ilə bağlı məlumat verən R.Ələkbərov AMEA-nın əsas binasında şəbəkə infrastrukturunun müasir tələblər əsasında yenidən qurulması, “AzScienceNet”-də veb-hostinq xidmətinin istifadəyə verilməsi, şəbəkə əsasında ölkədaxili və xarici ölkələrlə onlayn videokonfransların təşkili ilə bağlı görüləcək işlərdən danışıb. AMEA-nın institut və təşkilatlarında yeni xidmət sahələrindən istifadənin genişləndiriləcəyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu il “AzScienceNet” əsasında regionlar üçün distant təhsil xidmətinin təşkili və AMEA-nın bir neçə institut və təşkilatına yeni fiber-optik əlaqə kanallarının çəkilməsi nəzərdə tutulur. AMEA üzrə e-mail və mobil məlumatlandırma sisteminin qurulması və Elm-TV sisteminin yaradılması da cari ildə görüləcək işlər sırasındadır.
 
 
R.Ələkbərov dünyanın nüfuzlu beynəlxalq və respublika əhəmiyyətli jurnallarında şöbə əməkdaşları tərəfindən beş məqalənin çapının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Şöbənin beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı məsələsinə toxunan alim TÜBİTAK-ın nəzdində fəaliyyət göstərən ULAKBİM-lə (Ulusal Akademik Ağ ve Bilgi Merkezi – Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzi) və TERENA (Trans-Avropa elmi-tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyası) təşkilatları ilə əməkdaşlıq əlaqələrinin qurulacağını vurğulayıb.
 
 
Həqiqət İSABALAYEVA




31/01/14    Çap et