Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Aztelekom” İstehsalat Birliyində Azərbaycan Gəncləri Günü qeyd olundu


Azərbaycan Gəncləri günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyində də qeyd olundu. Bu münasibətlə yanvarın 31-də birlikdə gənclərin toplantısı keçirildi. Əvvəlcə “Aztelekom” İB-də çalışan gənc mütəxəssislər və kollektivin nümayəndələri Fəxri Xiyabana gələrək Azərbaycanın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə tər çiçəklər düzüldü.
 
 
Tədbiri giriş sözü ilə “Aztelekom” İB-nin baş direktoru Məhəmməd Məmmədov açaraq gəncləri bayram münasibəti ilə təbrik etdi. Məhəmməd Məmmədov dövlət gənclər siyasətinin uğurlarından, gənclərin ölkəmizin ictimai-mədəni, sosial-iqtisadi həyatında fəal iştirakından, beynəlxalq tədbirlərdə, möhtəşəm idman yarışlarında Azərbaycanı layiqincə təmsil etdiklərindən danışdı. O qeyd etdi ki, Azərbaycan gənclərinin qazandıqları nailliyyətlər, onlara göstərilən dövlət qayğısı imkan verir ki, milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətlərində gənclərimiz tərəfindən daha çox fəallıq nümayiş etdirilməlidir. Bu bayram ulu öndər Heydər Əliyevin gəncliyimizə ən gözəl hədiyyəsidir. Azərbaycan gəncini hər zaman ağıllı, güclü, məntiqli, müstəqil görmək istəyən ümummilli liderin sərəncamı ilə 1994-cü ilin iyulunda Gənclər və İdman Nazirliyi yaradıldı.
 
1996-cı il fevralın 2-də Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ölkədə Azərbaycan gəncləri forumu keçirilərkən üzünü gənclərə tutan ulu öndər Heydər Əliyev demişdir: “Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun. Ölkə rəhbəri İlham Əliyev bu siyasəti uğurla davam etdirir.
 
 
Sonra “Aztelekom” İB-nin Gənclər Təşkilatının sədri Emil Rzayev rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə hesabat verdı. E.Rzayev bildirdi ki, gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humanitar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutur: “Onlar yeni potensialdır, gücdür, yeniləşmə, müasirləşmə, inkişaf, proqressiya strategiyasının təməl sütunları deməkdir. Ulu öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərib. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib.
 
Ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu öndərin ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında təmsil olunmalarına geniş imkanlar yaratdığı qüvvə həmişə gənclər olub. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir.
 
Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir”.
 
 
Hazırda “Aztelekom”İB-də fəaliyyət göstərən əməkdaşların əksəriyyətinin gənclər təşkil etdiyini vurğulayan E.Rzayevin sözlərinə görə, təşkilatlarının 1470 nəfər üzvü var. Təşkilat sədri qeyd etdi ki, 2013-cü ildə 40 nəfər işə qəbul olunub və onlardan da 29 nəfəri gəncdir: “Burada çalışan gənclərimizin peşəkar mütəxəssis kimi tanınmaları üçün, həmçinin ictimai işlərdə fəal iştirak etmə imkanı baxımından rəhbərlik və təşkilatımız tərəfindən onlara hərtərəfli şərait yaradılmışdır. Məhz belə şərait yaradılması nəticəsində gənclərimiz Birliyin peşəkar fəaliyyətinin aktiv iştirakçılarına çevrilmiş, həm yeni texnologiyaların tətbiqi, həm informasiya texnologiyalarının inkişaf etdirilməsi, həm də digər sahələrdə fəaliyyətləri ilə Birliyin inkişafına öz töhfələrini vermişlər. Birlikdə hər il Gənclər təşkilatının təşəbbüsü ilə müxtəlif tədbirlər həyata keçirilir. Keçirilən tədbirlərdə gənclər texniki və ictimai sahələrdə fəal iştirak edirlər. Rabitə sahəsində ötən illərdə olduğu kimi, 2013-ci ildə də bir neçə gəncimiz artıq gənc yaşlarında “Rabitə ustası” adına layiq görülmüş və “Fəxri fərman”la təltif olunmuşdur”.
 
Tədbir “Aztelekom” İB-nin texniki sahədə əldə etdiyi nailiyyətlərin qazanılmasında və birliyin ictimai həyatında fəallıq göstərən gənclərə “Fəxri fərman”ların təqdim olunması ilə yekunlaşdı.
 
Seymur Qasımbəyli




31/01/14    Çap et