Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Əflatun Amaşov: “Ölkədə həyata keçirilən İKT siyasəti internet medianın inkişafını stimullaşdırır”
Azərbaycanda internetin keyfiyyətinin yüksəldilməsi və qiymətinin aşağı salınması istifadəçilərin sayını artırmaqla yanaşı, internet mediasının da çiçəklənməsinə şərait yaratdı. Nəticədə ölkədə bir-birinin ardınca və demək olar ki, hər gün xəbər portalları, müxtəlif sahələri əhatə edən saytlar meydana çıxdı. Bununla da, ölkədə yeni medianın inkişafının əsası qoyuldu. Bu baxımdan Mətbuat Şurasının (MŞ) 2014-cü ili “İnternet mediası ili” elan etməsi əbəs yerə deyil. Müsahibimiz Mətbuat Şurasının sədri Əflatun Amaşovdur:
- Azərbaycan Mətbuat Şurası 2014-cü ili “İnternet mediası ili” elan edib. Bu, hansı zərurətdən doğub?
- Mətbuat Şurası hələ ötən ilin fevralında İnternet media resursları üzrə Komissiya formalaşdırdı. Şura həmin vaxtadək təkcə qəzet, jurnal və informasiya agentlikləri ilə bağlı şikayətləri araşdırırdısa, hazırda internet media vasitələrinin fəaliyyətindəki ayrı-ayrı narazılıq doğuran məqamları da nəzərdən keçirməyə başlayıb. Əlbəttə, meyarlarımız və prinsiplərimiz dəyişməzdir. Çünki cəmiyyətin ümumi mənafelərinə zidd, insanların dinc birgəyaşam qaydalarını təhdid edən peşə dəyərlərindən uzaq materiallar harada dərcindən asılı olmayaraq eynidir. Onlar barədə də müvafiq ölçü götürülməlidir. Şikayətlərdəki konkret motivlər də bu zərurəti ortaya qoyur. Məsələ barədə iyulun 11-də baş tutmuş Azərbaycan jurnalistlərinin VI qurultayında da kifayət qədər müzakirə aparıldı və Şuranın Nizamnaməsinə dəyişiklik edilərək qurumun internet media resursları ilə bağlı şikayətləri də müzakirə edə bilməsi təsdiqləndi. Nəticə etibarilə fəaliyyətimiz bir qədər də təkmilləşdi.
Ümumən onu da deyim ki, bir-iki il əvvəllə müqayisədə hazırda internet üzərindən yayımlanan xəbər portallarının sayı da həddən artıq çoxdur. Mövcud durumda zamanla ayaqlaşmaq zərurəti meydana çıxır. Yəni hər bir halda ictimai tənzimləmənin obyekti rolunda məhz elektron medianın çıxış etməsi qaçılmazdır.
MŞ təkcə onlayn media ilə bağlı daxil olan şikayətlərdəki motivləri nəzərdən keçirməyi nəzərdə tutmur. Eyni zamanda daim dinamik inkişafda olan sahənin yeniliklərini tədqiq etmək, araşdırmaq, mövcud istiqamətdəki meyilləri öyrənmək lazımdır. Prosesdə sahəylə məşğul olan hər kəsin rəyi nəzərə alınmalıdır. Bütün bunlar olduqca vacibdir. “İnternet media ili”nin elan olunması, hesab edirəm ki, görülməli işlər üçün, bir növ, stimul yaradacaq. Zərurəti bununla əsaslandırardım.
- Hazırda Azərbaycanda internet mediası daha sürətlə inkişaf edir...
- İnternet həyatımıza daha çox daxil olub. Nəticə etibarilə təkcə Azərbaycanda deyil, dünya miqyasında da medianın transformasiyası baş verir. Yəni kütləvi informasiya vasitələri fəaliyyətlərinin ənənəvi üsul və vasitələrini dəyişirlər. Bu, iqtisadi cəhətdən də sərfəlidir. Üstəlik, əlavə vaxt itkisi olmur. Digər tərəfdən, internet hüquqi tənzimləmədən uzaq olan məkandır. Yalnız hostinq və domen əldə etməklə xəbər portalına sahib olmaq mümkündür. Saytların say artımı bununla əlaqədardır. Həmin saytlara daxil olanların sayının artımına gəlincə, burada təqdim edilən məhsulun keyfiyyəti də önəmlidir. Hansı xəbər portalı maraqlı gəlirsə, insanlar ona daha çox daxil olurlar. Ümumənsə, ölkədə internetdən istifadə imkanları artdıqca müvafiq şəkildə internet media resurslarından yararlananların da sayı çoxalır. Əhalinin, səhv etmirəmsə, 70 faizə qədəri internet istifadəçisidir. Təbii ki, bu rəqəmin təsiri böyükdür.
- Ölkədə informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən dövlət siyasəti internet mediasının inkişafında hansı rola malikdir?
- Dövlət siyasətinin internet medianın inkişafındakı təsiri çox böyükdür. Qeyd etdiyim kimi, əhalinin 70 faizi internet istifadəçisidir. Həmin 70 faizin içərisində xəbər portallarını və saytları izləyənlər də var. Əsas məsələ ölkənin hər yerində internetə çıxış imkanlarının olmasıdır ki, hazırda mövcud istiqamətdə də müvafiq işlər aparılır. Eyni zamanda keyfiyyət məsələsi də vacibdir. Bildiyimə görə, dövlət ölkənin genişzolaqlı internet xətti ilə təminatı üçün xüsusi proqram hazırlayıb. Bu, çox önəmli məsələdir. Təbii ki, internetin keyfiyyəti artdıqca insanlar ölkədə baş verən proseslər barədə məlumatları məhz internet media resurslarından əldə etməsinə çalışacaqlar. Çünki qeyd etdiyim kimi, bu, həm də sərfəlidir. Müvafiq olaraq ikincilər də rəqabətə davam gətirmək üçün fəaliyyətlərini təkmilləşdirəcəklər. Prinsipial baxımdan kənar amillərin təsirini nəzərə almasaq, nəticə inkişafa doğru aparacaq.
- Azərbaycanın internet mediasının indiki durumunu necə xarakterizə edərsiniz?
- Sualınıza birmənalı cavab vermək, hansısa təsnifat aparmaq çətindir. Demək olmaz ki, internet media resurslarının hamısı uğurlu fəaliyyət göstərir. Əlbəttə, bu məkanda peşəkarlıq problemləri özünü daha qabarıq göstərir. Ancaq nümunə ola biləcək resurslarımız da var və onlara dünya miqyasında Azərbaycanla bağlı xəbərlərin istinad nöqtəsi kimi müraciət olunur. Onlar xaricdə tanınırlar. Hesab edirəm ki, qısa müddət ərzində bu, kifayət qədər böyük uğur sayıla bilər. Digər tərəfdən, mövcud sahədə dəyərləndirmə aparmaq bəlkə də bir qədər tezdir. Çünki internet medianın formalaşma mərhələsi başa çatmayıb.
- Heç şübhəsiz ki, uğurlarla yanaşı, çatışmazlıqlar, problemlər də vardır…
- İndiki məqamda daha çox problemlər nəzərə çarpır. Onlar çoxdur və ümumən peşəkarlıqla bağlıdır. İstər Mətbuat Şurasının tərkibində İnternet media resursları üzrə Komissiyanın yaradılmasında, istərsə də 2014-cü ilin “İnternet media ili” elan edilməsində sırf peşəkarlıqla əlaqədar problemlərə diqqət ayrılması da müstəsna əhəmiyyət daşıyır. Yada salaq, vaxtilə ənənəvi medianın ictimai tənzimlənməsinə nəyə görə ehtiyac yaranmışdı? Ona görə ki, əsl jurnalistlər özlərindən olmayanların adlarına ləkə gətirdiklərini, peşə dəyərlərindən sui-istifadəyə yol verdiklərini gördülər. Vəziyyəti aradan qaldırmaq üçün Mətbuat Şurasını formalaşdırdılar. Şura, zənnimcə, mənfi prosesə zərbə vura bilib. Burada təkcə “reket jurnalistika”sı ilə mübarizə deyil, ümumən media məkanımızdakı neqativ tendensiyalar nəzərdə tutulur. İndi də bəzi internet vasitələri özlərini sanki on il əvvəl müəyyən qəzetlərin özlərini apardıqları tərzdə aparırlar. Məsuliyyətsizliyə yol verirlər. Belələri münbit şərait əldə ediblər. Ümumən onu demək olar ki, ənənəvi medianın üzləşdiyi peşəkarlıq problemlərinin bir çoxu, məsələn, insanların şərəf və ləyaqətinə etinasız yanaşma, tənqid obyektinin mövqeyinə əhəmiyyət verilməməsi və sair bu sayaq hallar internet mediası üçün də xarakterikdir.
- Problemlərin həllinə nail olunması üçün Mətbuat Şurasının nə kimi təklifləri var?
- Ənənəvi media üçün xarakterik olan bir çox problemlər elə internet mediası üçün da aktualdır. Az öncə peşəkarlıq məsələlərindən söz açdıq. Başqa bir cəhət kimi maddi-texniki bazanın zəifliyini göstərmək lazımdır. Mahiyyət etibarilə onlayn media daha çevik struktura malikdir. Bu çevikliyi təmin etmək üçünsə, texniki avadanlıqların mövcudluğu şərtdir. Digər tərəfdən, reklam məsələsi də önəmlidir. Mətbuat Şurası bununla əlaqədar konkret təşəbbüs irəli sürüb. Dövlət elan və reklamlarının KİV-də yerləşdirilməsi təcrübəsinin tətbiqini nəzərdə tuturam. Bu təkliflər reallaşsa, orada internet media resursları da nəzərə alınacaq. Güman edirəm ki, gələcəkdə xəbər portallarının layihələrinin də dövlət tərəfindən maliyyələşməsi üçün müvafiq tədbirlər görülə, bunun üçün şərtlər müəyyənləşə bilər. Əlbəttə, xəbər portallarının hüquqi statusunun müəyyənləşməsi məsələsi də önəmlidir.
- Siz internet mediasında informasiya təhlükəsizliyinin hansı formada qurulmasının tərəfdarısınız?
- Bununla bağlı Mətbuat Şurası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi və Azərbaycan İnternet Forumu fevral ayının əvvəlində toplantı keçirməyi nəzərdə tutur. Həmin tədbirdə məsələnin müxtəlif aspektlərinə aydınlıq gətiriləcək. Ümumən hesab edirəm ki, bu məsələdə də dövlətin tənzimləyici rolu önəmlidir. Ancaq tənzimləmə heç bir halda məhdudlaşdırma kimi qəbul edilməməli, onun mahiyyəti tam şəkildə izah edilməli, məntiqi əsaslandırma aparılmalıdır. Digər tərəfdən, Azərbaycanın informasiya sahəsində beynəlxalq standartlara cavab verən mükəmməl qanunvericiliyi var. Hesab edirəm ki, texniki nailiyyətlərin tətbiqində həmin qanunvericiliyin müddəalarına istinadən görüləcək işlərin tənzimlənməsini həyata keçirmək mümkündür.
- Sosial şəbəkələri media hesab edirsinizmi?
- Sosial şəbəkələr media deyil. Mediada təqdimat birtərəfli ola bilməz. Yəni deyək ki, kimisə tənqid edirsənsə, onun da fikrini vermək şərtdir. Ancaq sosial şəbəkələrdə belə bir tələb yoxdur. Ümumən sosial şəbəkələr fərdi səciyyə daşıyır, ayrı-ayrı fərdlərə məxsusdur, media isə institutdur. Media fərdlərə məxsus olsa belə, həmin fərdlər bəlli qaydalara riayət etməlidirlər.
- Bəzən jurnalistlər insanların sosial şəbəkələrdə yazdıqları statuslardan xəbər düzəldərək cəmiyyətə ötürürlər. Buna münasibətiniz necədir?
- Maraqlı məsələdən bəhs edirsiniz. Həqiqətən də belə hallar yaşanır. Jurnalist kimə istinad edir, sosial şəbəkədə məlumat paylaşan şəxs kimdir, bu məsələlər çox önəmlidir. Əgər məlumatı paylaşan ictimai missiya daşıyan biridirsə, o zaman jurnalistin ona istinad edərək xəbər hazırlaması mümkündür. Prinsipcə, jurnalist hər adamın da paylaşdığını xəbər kimi görməməlidir. Məsələyə peşəkarlıq nöqteyi-nəzərindən yanaşmalıdır. Əgər hansısa məşhur şəxs sosial şəbəkədəki profilində paylaşdığı məlumatda kimisə tənqid edirsə, o zaman media təmsilçisi həmin təqdimatı birtərəfli qaydada verməməli, qarşı tərəfin də mövqeyinə aydınlıq gətirməlidir. Yenə də deyirəm, sosial şəbəkə fərdi səciyyə daşıyır. Yəni kimliyindən asılı olmayaraq orada yazan adam özünün yazdığı müddətdəki vəziyyətini də əks etdirə bilər və mümkündür ki, onun vəziyyəti ictimaiyyət üçün maraqlı gəlməsin. Təbii, maraqlı olub-olmadığına qərar verən də jurnalistdir. Əgər jurnalist bayağılığa qaçırsa, xəbər kimi təqdim etdiyi material da eyni səciyyə daşıyacaq və oxucu üçün maraq doğurmayacaq. Təbii ki, peşəkar qələm sahibi sosial şəbəkədə yazan hər adamın statusunu da xəbər kimi paylaşmaz. Həmin xəbərdə ictimai yük varsa belə, məsələ dəqiqləşdirilməli, yayılan məlumatın cəmiyyəti çaşdırmağa yönəlmədiyi müəyyənləşdirilməlidir. Hər bir halda burada jurnalist peşəkarlığı əsas rol oynayır.
- Mətbuat Şurası “İnternet mediası ili” çərçivəsində hansı tədbirləri keçirməyi planlaşdırır?
- İlk növbədə İnternet media resursları üzrə Komissiyanın daha intensiv fəaliyyət göstərməsini təmin edəcəyik. İnternet media sahəsində beynəlxalq toplantıların təşkilini nəzərdə tuturuq. İlk belə tədbiri aprel ayında gerçəkləşdirməyi planlaşdırırıq. Bir qədər əvvəl internet təhlükəsizliyi ilə bağlı tədbirdən söz açdım. Ümumən ilin sonunadək bu mövzuda bir neçə toplantı keçirməyi planlaşdırırıq. Digər tərəfdən, Şura ölkənin aparıcı internet media vasitələrində tendensiyaları izləmək üçün monitorinqlərini davam etdirəcək.
Seymur Qasımbəyli
01/02/14 Çap et