Nəhəng İT şirkətləri ABŞ xüsusi xidmət orqanlarına təqdim etdiyi məlumatların sayını açıqlayıb
2013-cü ilin ilk altı ayı ərzində “Microsoft”, “Google”, “Facebook” və “Yahoo!” şirkətləri xüsusi xidmət orqanlarının sorğularına əsasən on minlərlə istifadəçi haqqında məlumat təqdim edib. Bu barədə şirkətlər tərəfindən bazar ertəsi dərc edilən materiallarda deyilir.
2013-cü ilin yanvar-iyununda xüsusi xidmət orqanları “Microsoft” korporasiyasına 15-16 min dəfə, “Google”a 9-10 min dəfə, “Facebook”a 5-6 min dəfə müraciət edib. Ən çox (30 min dəfə) müraciət “Yahoo!” şirkətinə edilib. Statistikaya yalnız Federal Təhqiqatlar Bürosu (FTB) və Milli Təhlükəsizlik Agentliyinin (MTA) məhkəmə tərəfindən “Xarici kəşfiyyat xidmətlərinin fəaliyyətinə nəzarət haqqında” (Foreign Intelligence Surveillance Act, FISA) qanuna əsasən təsdiq edilən məxfi sorğuları daxildir.
ABŞ-ın İT şirkətləri xüsusi xidmət orqanlarının sorğuları haqqında informasiyanı Ədliyyə Nazirliyi ilə razılığa gəldikdən sonra açıqlaya biliblər. ABŞ xarici kəşfiyyatına nəzarət üzrə məhkəmə yanvarın sonunda məxfi sorğuların sayı və onların aid olduğu istifadəçi sayı haqqında məlumatların dərc edilməsinə icazə verib. Şirkətlərə bu məlumatları istifadəçilərin və müraciət edən idarələrin adı açıqlanmamaq şərtilə yarım il sonra dərc etməyə icazə verilib.
Şirkətlər qeyd ediblər ki, informasiyanın bu səviyyədə açıqlanması yetərli deyil. Belə ki, “Google” nümayəndələri bildiriblər ki, internet istifadəçilərini izləməyə imkan verən qanunların necə işləməsini və onların ictimai marağa xidmət etməsini hamının görməsi üçün nəzarət sistemlərinin fəaliyyəti daha şəffaf olmalıdır. Yanvarın ortalarında ABŞ prezidenti Barak Obama da bu sahədə daha çox şəffaflığın olmasını məqsədəuyğun hesab etdiyini bəyan edib.
“Microsoft”, “Google”, Yahoo!”, “Facebook” və “LinkedIn” ABŞ xarici kəşfiyyatına nəzarət üzrə məhkəməyə 2013-cü ilin yayında onların internet istifadəçilərinin izlənməsi üzrə “PRISM” proqramı çərçivəsində MTA ilə əməkdaşlıq etmələri məlum olduqdan sonra müraciət edərək xüsusi xidmət orqanları tərəfindən istifadəçilər haqqında sorğularla bağlı ətraflı statistikanın dərc edilməsinə icazə verməyi tələb ediblər, - "Lenta
www.lenta.ru” yazır.