Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan diasporları İKT sahəsində əməkdaşlıq edəcək


Azərbaycanın Cənubi Afrika və Xorvatiya respublikalarında fəaliyyət göstərən səfirliklərinin dəstəyi ilə CAR-ın “Azərbaycan Dostları” və Xorvatiyanın “Azərbaycan Dostluq Cəmiyyəti” adlı təşkilatları arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə “ICTnews.az”a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  məlumat verilib. XİN-dən qeyd olunub ki, Anlaşma Memorandumunun imzalanmasında əsas məqsəd hər iki dostluq təşkilatı arasında əlaqələri intensiv inkişaf etdirməkdir. Memorandum Xorvatiya Dostluq İcmaları Birliyinin Prezidenti Andriya Karafilipoviç və CAR-da “Azərbaycan Dostları” təşkilatının yaradıcılarından biri Ceyms Dey tərəfindən  Zaqreb şəhərində imzalanıb.
 
 
Tədbirdə çıxış edən CAR-da “Azərbaycan Dostları” təşkilatının təmsilçisi Ceym Dey bildirib ki, bu əlamətdar hadisə nəinki iki dostluq cəmiyyəti, həmçinin dünya üzrə fəaliyyət göstərən Azərbaycan dostluq cəmiyyətləri arasında əməkdaşlığın başlanğıcı olacaq: “İnanıram ki, bizim kimi gənc dostluq cəmiyyətləri dünya üzrə fəaliyyət göstərən və daha uzun tarixə malik olan dostluq cəmiyyətlərindən böyük təcrübə əldə edə biləcəklər”.
 
 
Anlaşma Memorandumu cəmiyyətləri və Azərbaycan arası əlaqələrdə əsas diqqəti bir sıra sahələrə yönəldəcək. Onlar elm, iqtisadiyyat, ticarət, informasiya-kommunikasiya texnologiyaları, mədəniyyət, yerli hökumətlə əlaqələr, sosial təminatlı fəaliyyətdir. Memoranduma görə, sahibkarlar, iş adamları, iqtisadçılar, müəllimlər, texnoloqlar, həkimlər, elm xadimləri, jurnalistlər, yazıçılar, incəsənət nümayəndələri və digər mütəxəssislərin səfərlərinin mübadiləsi təşkil ediləcək.

Sonra  Xorvatiya - Azərbaycan Dostluq Cəmiyyətinin idarə heyətinin üzvü İnes Banik bildirib ki, Xorvatiya, Azərbaycan və CAR arasında münasibətlər intensiv şəkildə inkişaf edir və ümid edirik ki, dostluq cəmiyyətlərinin səyləri nəticəsində bu əlaqələr daha da inkişaf edəcək: “Cəmiyyətlərimizin hər biri öz fəaliyyət göstərdiyi ölkədə bir neçə uğura imza atıb və inanırıq ki, dostluq cəmiyyətləri bir-birindən daha çox öyrənə bilərlər və bizim səylərimiz digər dostluq cəmiyyətlərinə dəstək ola bilər”.
 
 
Seymur Qasımbəyli
 




04/02/14    Çap et