Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Termal sulardan elektrik enerjisinin alınması texnologiyaları üzrə tədqiqatlar aparılır
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu termal suların ocaqlarından alternativ enerji mənbəyi kimi istifadə edilməsi məqsədi ilə tədqiqatlar aparır. Bütün səylərini bu ocaqların yerləşmə koordinatlarını müəyyən etməyə yönəltmiş alimlər əmindirlər ki, termal sular yüksək enerji potensialına malikdirlər.
Həmçinin, yüksək temperaturlu termal sulardan elektrik enerjisi almaq mümkündür. Bu cür texnologiyalar dünyada mövcuddur və özünü doğruldub. İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tədqiqatlar "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nda qarşıya qoyulmuş vəzifələrə uyğun qaydada aparılır və əsas məqsəd tükənməyən enerji əldə etməkdir. İşlər institutun Hidrogeologiya və mühəndis-geologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Yusif İsrafilovun rəhbərliyi ilə həyata keçirilir.
O qeyd edir ki, hazırda Geologiya İnstitutu alimlərinin qarşısında duran əsas məsələ Azərbaycandakı termal suların mənbələrinin koordinatlarını dəqiq müəyyən etməkdir. Bu ocaqların yeri dəqiqləşdirilərsə, quyu qazmanın elmi əsaslı imkanları müvafiq dövlət qurumuna təklif olunacaq. Araşdırmalar Rusiya Elmlər Akademiyası Geologiya İnstitutunun şöbə rəhbəri, geologiya-mineralogiya elmlər doktoru Vasili Lavruşinlə birgə aparılır.
Alimlər termal suların dərinliyini hidrogeoloji, geokimyəvi, geodinamik, geotermik və digər kompleks üsullar ilə müəyyən edə bilirlər. Belə ki, su yerin səthinə tektonik çatlarla çıxanadək kilometrlərlə qalınlığı olan süxur qatlarından keçir. Tərkibindəki müxtəlif süxurlara aid komponentlər suyun nə qədər dərinlikdən gəldiyini müəyyən etməyə imkan verir. Həmçinin, yerin təkinin geotektonik şəraitini, dərin tektonik çatların strukturunu və hidrogeodeformasiya sahələrinin dinamikasını tədqiq etməklə termal suların miqrasiya yollarını aşkarlamaq mümkün olur. Bu, nəticədə termal suların ocağının yerləşdiyi koordinatları da müəyyənləşdirməyə imkan verir.
Həqiqət İSABALAYEVA
04/02/14 Çap et