Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda “dəyirmi masa” keçirilib
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) yanında Elektron Təhlükəsizlik Mərkəzi, Azərbaycan İnternet Forumu (AİF) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd ölkədə internet media sektorunda kibertəhlükəsizlik, mövcud və yarana biləcək kibertəhlükələr və onların aradan qaldırılması yolları ətrafında informasiya mühitini inkişaf etdirmək olub.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bildirib ki, müasir dövrdə informasiya təhlükəsizliyi çox mühüm məsələlərdən biridir. Azərbaycan hökumətinin sözügedən məsələyə xüsusi önəm verdiyini söyləyən sektor müdiri deyib ki, prezident İlham Əliyevin sərəncamı ilə 2 qurumun yaradılması bunun bariz göstəricisidir.
Hazırda onlayn medianın əhəmiyyətinin yüksəldiyini vurğulayan V.Əliyev deyib ki, Azərbaycan dövlətinin prioritetlərindən biri də ölkədə azad informasiya mübadiləsini, dövriyyəsini təmin etməkdir:
“Ona görə də bu prosesin əsas alət kimi KİV-in sərbəst fəaliyyətinə zəruri şərait yaradılıb. Hazırda ölkə üzrə internet istifadəçilərinin sayı əhalinin 70 faizini təşkil edir. Son illər genişzolaqlı sürətli internet istifadəçilərinin sayı isə 50 faizə yaxınlaşıb. Bu gün Azərbaycanda siyasi, iqtisadi, sosial, mədəni və digər sahələri əhatə edən 300-ə yaxın aktiv portal, xəbər saytı və internet informasiya resursu fəaliyyət göstərir. Qarşıda duran vəzifələrdən biri isə bütövlükdə dövlətin informasiya təhlükəsizliyinin, eləcə də milli internet məkanının, onlayn medianın təhlükəsizliyinin təmin edilməsidir”.
2013-cü ilin ölkə başçısı tərəfindən “İKT ili” elan edildiyini xatırladan v.Əliyev ötən ildə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarıldığını və müxtəlif İKT layihələrinin həyata keçirildiyini vurğulayıb.
Azərbaycanda internetin qiymətinin endirilərək qonşu ölkələrlə eyni səviyyəyə gətirildiyini söyləyən sektor müdiri ölkədə “Facebook” istifadəçilərinin 1.200.000-i keçdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Ölkədə internet medianın infrastruktur kimi formalaşdığını və bunun da sevindirici hal olduğunu vurğulayan AİF prezidenti Osman Gündüz deyib ki, hazırda bütün dünya üzrə informasiya təhlükəsizliyi məsələləri müzakirə olunan ən öndə olan mövzulardandır: “Bu gün müharibələr belə, informasiya üzərindən aparılır. Hər hansı bir ölkəyə ordu girməmişdən əvvəl həmin dövlətin informasiya mənbələrinə hücum edilir. Misal olaraq Rusiya-Gürcüstan müharibəsini göstərmək olar. O baxımdan Azərbaycan da müharibə şəraitində olduğu üçün informasiya təhlükəsizliyinə böyük önəm verir”.
Daha sonra çıxış edən Elektron Təhlükəsizlik Mərkəzinin direktoru Faiq Fərmanov bildirib ki, Azərbaycanda elektron xidmətlərin və onlardan istifadə edənlərin sayı günü-gündən çoxalır. Hazırda ölkə əhalisinin hər 100 nəfərinə 110 mobil telefon düşdüyünü vurğulayan F.Fərmanov qeyd edib ki, son illərdə Azərbaycan İKT sahəsində dünya üzrə dinamik inkişaf edən ilk onluqda qərarlaşıb:
“Bütün bunlar İKT sahəsinə dövlətin göstərdiyi dəstəyin əyani sübutudur. Ölkənin kibertəhlükəsizlik məsələlərinin təhlili zamanı bir daha müəyyən edilib ki, kibertəhdidlərin sayı və mürəkkəbliyi artır. Təəssüf ki, bizim özəl qurumlarda monitorinq alətləri və kibertəhlükələrin araşdırılması mexanizmləri hələ də formalaşmayıb. İnformasiya təhlükəsizliyi milli təhlükəsizlik kimi qəbul edilməlidir. Bu baxımdan internet təhlükəsizliyi sahəsində yaranmış insidentlərin araşdırılması istiqamətində xüsusi qurumlar yaradılıb. Onların qarşısında duran əsas məsələ həm ayrı-ayrı təşkilatlar, həm də dövlət səviyyəsindəki mühitdə təhlükəsizliyin təmin edilməsidir. Mərkəzimiz yeni fəaliyyətə başlayıb. Bu yaxınlarda saytımızı cəmiyyətə təqdim etdik”.
Seymur Qasımbəyli
04/02/14 Çap et