Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vüqar Əliyev: “Onlayn medianın təhlükəsiz şəraitdə funksionallığının təmin edilməsi dövlət üçün böyük əhəmiyyət kəsb edir”


"Azərbaycan dövləti ölkədə informasiya təhlükəsizliyinin qorunmasına xüsusi önəm verərək bu istiqamətdə lazım olan bütün addımları atır".
 
"ICTnews.az"ın məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev "İnternet medianın informasiya təhlükəsizliyi" mövzusunda keçirilən müzakirələrdə çıxışı zamanı söyləyib. O bildirib ki, bununla belə, informasiya təhlükəsizliyi yalnız dövlətin üzərinə düşən vəzifə deyil. Bəzən səhv, dəqiqləşdirilməmiş məlumatların mənfi nəticələrə gətirib çıxardığını vurğulayan sektor müdirinin qənaətincə, internetdə təhrif olunmuş informasiyalara qarşı cəmiyyət də reaksiya verməlidir:
 
 "Biz azad cəmiyyətdə yaşayırıq və heç kim medianın informasiya yaymaq hüququnu məhdudlaşdıra bilməz. Lakin bu, heç də medianın məsuliyyətdən kənarda qalması kimi anlaşılmamalıdır. Dövlət media üçün təhlükəsiz şərait yaratdığı kimi, media da dövlətin təhlükəsizliyi və ümummilli məsələləri daim diqqətdə saxlamalıdır. Çünki bəzən hansısa yoxlanılmamış, qərəzli informasiyalar ölkədə gedən proseslərin, konkret hadisələrin mahiyyətini təhrif edir, ictimaiyyəti çaşdırmağa xidmət göstərir. Bəzi hallarda isə bu, dövlətlərarası münasibətlərə mənfi təsir göstərir və əlaqələrə zərbə vurur. Bu məsələ Azərbaycan kimi müharibə şəraitində yaşayan, ərazisi işğal olunan ölkələr üçün daha çox aktualdır. Deməli, həm dövlətin informasiya təhlükəsizliyi, həm də onlayn medianın təhlükəsiz mühitdə fəaliyyəti dövlət və medianın, bütövlükdə isə bütün cəmiyyətin birgə səyi nəticəsində ortaya çıxan məsələdir".
 
 
Milli internet məkanının, onlayn medianın təhlükəsizliyinin təmin edilməsinin bilavasitə dövlətin informasiya təhlükəsizliyinin tərkib hissəsi kimi qəbul olunduğunu vurğulayan V.Əliyevin sözlərinə görə,  hazırda dünya siyasətində aparıcı yer tutan dövlətlər deyil, inkişaf etməkdə olan ölkələrdə daxili və xarici siyasətlərinin öncül istiqamətlərini toplamış və təhlil etmiş informasiya əsasında müəyyənləşdirirlər: "Həqiqi məlumatların vaxtında verilməsi daxili və xarici siyasət məsələləri ilə bağlı operativ qərarların qəbuluna təsir göstərir. Belə olduqda milli KİV-in, onlayn medianın təhlükəsiz şəraitdə funksionallığının təmin edilməsi dövlət üçün böyük əhəmiyyət kəsb edir, onun təhlükəsizliyinin vacib elementi qismində çıxış edir".
 
 
Seymur Qasımbəyli




04/02/14    Çap et