Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Elektron Təhlükəsizlik Mərkəzi “Chrome” istifadəçilərinə xəbərdarlıq edir


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Elektron Təhlükəsizlik Mərkəzi (ETM) "Google" şirkətinə məxsus olan "Chrome" barauzerinin istifadəçilərinə hər hansı saytın pisniyyətli olmasından şübhələndikləri halda səsli əmrlərin istifadə olunmamasını və mikrofondan istifadəyə icazə verməmələrini tövsiyə edir. Bundan başqa tövsiyə olunur ki, əgər əvvəllər mikrofona girişə icazə verilibsə, "Chrome"-un sazlamalarına daxil olaraq bu icazəni ləğv etsinlər.
 
Mərkəzin tövsiyəsinə səbəb "Chrome" brauzerində ciddi bir təhlükəsizlik açığının aşkar olunmasıdır. Belə ki, "Chrome"un səs tanıma vasitəsi pisniyyətli şəxslər tərəfindən istifadəçilərin səsini dinləmək üçün istifadə oluna bilir. Problemin səbəbi veb brauzerin səs tanıma vasitəsindəki təhlükəsizlik açığıdır.
 
Hər hansı bir veb səhifə "Chrome"un mikrofonunu açmaq istədiyi zaman brauzerdə bir xəbərdarlıq meydana gəlir və istifadəçi qəbul edərsə, mikrofon açılır. Bu mərhələdən sonra istifadəçi veb sayta səslə əmr edə bilir. Lakin bundan sonra başqa istifadəçi bir veb sayta daxil olduğu zaman, hətta brauzer pəncərəsini bağlasa da mikrofon bağlanmır və səs yazılmağa davam edir. Üstəlik bu barədə xəbərdarlıq da verilmir, yəni, icazə haqqında heç bir xəbərdarlıq göstərilmədən mikrofondan istifadəyə icazə verilir.
 
Buna görə də əgər veb sayt pis niyyətlə istifadə olunursa, mikrofona girişi istədiyi şəkildə əldə edir, telefon və kompüter vasitəsilə mühiti dinləyə bilir.
 
Qeyd edək ki, "Google" hələki bu problemi həll etməyib. Hətta bunun açıq olduğunu da qəbul etmir.
 
 
CAHANGİR
 
 




04/02/14    Çap et