Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN üç İKT müsabiqəsinin qaliblərini mükafatlandırdı


Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) üç müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
 
Tədbirdə çıxış edən Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, sözügedən müsabiqələr "İnformasiya-kommunikasiya texnologiyaları  ili" çərçivəsində keçirilib. İ.Məmmədov qeyd edib ki, onlardan biri ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan "Mən Azərbaycanlıyam" onlayn bilik yarışması, ikincisi RİTN-in Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə jurnalistlər arasında  keçirilən yazı müsabiqəsi, digəri isə "Mənim Azərbaycanım" onlayn fotomüsabiqəsi olub.
 
Nazir müavini vurğulayıb ki, "İKT ili" çərçivəsində bir çox layihələr həyata keçirilib. "Azərbaycanın ilk telekommunikasiya peyki orbitə qaldırıldı. Bütün ölkə üzrə 1000 kilometr uzunluğunda optik kabel çəkildi. Yeni  poçt binaları və ATS-lər tikildi. Yeni salınan qəsəbələr telefonlaşdırıldı. Bütün ölkə ərazisinin rəqəmsal yayımla əhatə olunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Hazırda əhalinin məskunlaşdığı ərazilərin 98 faizi rəqəmsal yayımla əhatə olunub. Digər məntəqələrin də rəqəmli yayımla təmin edilməsi istiqamətində işlər aparılır".
 
Elektron xidmətlərin və ondan istifadə edənlərin sayının artdığını vurğulayan nazir müavininin sözlərinə görə, verilən e-imzaların sayı 50 mini ötüb. Mobil nömrə daşınmasına başlanıldığını xatırlayan İ.Məmmədov əlavə edib ki, ötən il ölkədə mobil cihazların qeydiyyat sistemi də yaradılıb: "Bu sistem itən mobil cihazların tapılmasına və eləcə də qaçaqmalçılıq yolu ilə və  keyfiyyətsiz telefonların ölkəyə gətirilməsinin qarşısının alınmasında mühüm rola malikdir. Qeyd edim ki, Azərbaycanın bütün ərazisini genişzolaqlı internetlə təmin edəcək layihə hazırlandı. Bu layihənin sonunda hətta ən ucqar kəndlərdə 10 meqabit sürətində internet olacaq. Artıq Dövlət Neft Fondundan 100 milyon vəsait ayrılıb. Yaxın zamanlarda proqram təsdiq olunacaq və onun icrasına başlanılacaq".
 
Jurnalistlərin müsabiqəyə təqdim etdiyi yazılardan söz açan İ.Məmmədov bildirib ki, həyata keçirilən işlərin cəmiyyətə çatdırılmasında qələm sahiblərinin böyük rolu var: "İKT ili"ndə  atılan addımlar jurnalistlərin qələmi ilə bədiiləşir.  Nazirlik jurnalistlərlə birgə əməkdaşlığa böyük önəm verir və bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək".
 
 
Fondun icraçı direktoru Vüqar Səfərli də qeyd edib ki, sözügedən müsabiqəyə 5 istiqamət üzrə ümumilikdə 38 yazı təqdim olunub. Yazılar 3 ekspert tərəfindən qiymətləndirilib: "Biz gördük ki,  5 nəfər eyni bal toplayıb. Ona görə də nazirliyə müraciət etdik ki, 5 həvəsləndirici mükafat da əlavə edilsin. Beləliklə, ümumilikdə 30 nəfər mükafatlandırıldı".
 
Sonra qaliblərə diplomlar təqdim olundu. Qeyd edək ki, I, II və III yeri tutanlara müvafiq olaraq 1000, 800, 600  manat pul mükafatı təqdim olunub. Eləcə də həvəsləndirici mükafat olaraq daha 15 nəfərə 300 manat və diplomlar təqdim olunub.
 
 
Daha sonra "Mən Azərbaycanlıyam" onlayn bilik yarışmasının qalibləri mükafatlandırılıb. Qeyd edək ki, bu yarışmada I (Əşrəf Paşabəyli), II (Amid Məmmədov və III yeri (Rəfail Əliyev) qazananlara müvafiq olaraq 5000, 3000, 2000 pul mükafatı təqdim olunub.
 
Bundan sonra isə "Mənim Azərbaycanım" internet fotomüsabiqəsinin qaliblərinə müxtəlif qiymətli hədiyyələr verilib.
 
Seymur Qasımbəyli
 




05/02/14    Çap et