Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil nömrə daşınması xidməti tariflərə təsir edəcək


"Mobil nömrə daşınması sistemini tətbiq edən bütün ölkələrin təcrübələri əvvəlcədən mütəxəssislərimiz tərəfindən araşdırılıb. Xidmətin tətbiqinin əsas məqsədi keyfiyyətin artırılması, qiymətlərin aşağı salınmasıdır. Bu da son nəticədə istifadəçilərin işlərini asanlaşdırır".
 
 "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu sözləri Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov jurnalistlərə verdiyi açıqlamasında söyləyib.
 
O bildirib ki, bu xidməti tətbiq edən bütün ölkələrdə məqsədlərə nail olunub, qiymət endirimləri baş verib: "Təbii ki, istifadəçi sərbəstdir. O, istədiyi zaman istədiyi operatorun şəbəkəsini dəyişə bilir. Bu gedişin qarşısını almaq üçün də operatorlar tərəfindən müəyyən həvəsləndirici addımlar atılır. Xidmətlərin müddəti uzadılır, qiymətlər aşağı salınır, keyfiyyət artır, əhatə zonası genişləndirilir, texniki xidmətlər dəyişdirilir. Biz də eyni addımların Azərbaycanda atılacağını gözləyirik. Bu xidmətin tətbiqinə az bir müddətdir ki, başlanılıb. Hər üç mobil operatorun şəbəkəsindən daşınmaqla bağlı müraciətlər var. Hazırda tərəfimizdən analiz olunur. Bunların bir neçəsi qaydalara zidd olduğu üçün imtina edilib. Başqasının adına qeydiyyatdan keçən və ya borcu olan nömrələrin daşınması mümkün deyil. Amma qaydalar çərçivəsində müraciət edənlərin nömrələri daşınacaq".
 
 
İ.Məmmədov qeyd edib ki, mobil danışıq qiymətlərinin endirilməsi istiqamətində nazirlik tərəfindən lazım olan addımlar atılır: "Bu addımlar atılır ki, operatorlar da qiymətləri aşağı salsın. Kanallardan, optik xətlərdən istifadənin qiymətləri Tarif Şurası tərəfindən aşağı salınıb. Yəni bunların dəyərinə təsir etməklə mobil operatorlara qiymət endirilməsi etməsinə şərait yaradıb. Təbii ki, qiymətlərə təsir edən arqumentlərdən biri də operatorlar arasında sağlam rəqabət mühitinin olmasıdır".
 
Seymur Qasımbəyli  
 
 
 




05/02/14    Çap et