2013-cü ildə yarımkeçiricilərin dünya üzrə satışı 300 milyard dolları ötüb
Fərdi kompüter sahəsinin çətin vəziyyətdə olmasına baxmayaraq qlobal yarımkeçiricilər sənayesi inkişaf edir. Tarixdə ilk dəfə yarımkeçiricilərin illik satış həcmi 300 milyard dollarlıq həddi ötüb. Bu barədə sahə üzrə ixtisaslaşan “Semiconductor Industry Association” təşkilatının hesabatında deyilir. Təşkilatın hesablama üsuluna əsasən, 2013-cü ildə dünyada yarımkeçiricilərin ümumi satış həcmi 305,6 milyard dollar təşkil edib ki, bu da bir il əvvəldən 4,8 faiz (291,6 milyard dollar) çoxdur.
Yarımkeçirici məhsullar 2013-cü ilin sonuncu rübündə daha çox (79,9 milyard dollar) satılıb. Bu, 2012-ci ilin analoji göstəricisindən (74,2 milyard dollar) 7,7 faiz yüksəkdir. “Dünya yarımkeçiricilər sahəsi satış həcminə görə tarixdə ilk dəfə 300 milyard dollarlıq həddi ötüb. Bütün regionlarda və bütün məhsul kateqoriyalarında artım müşahidə olunub”, - “SIA” prezidenti Brayen Tui bildirib.
Onun sözlərinə görə, müsbət tendensiya çox güman ki, 2014-cü ildə də davam edəcək.
“SIA”-nın hesabatına əsasən, yarımkeçiricilər sənayesinin ən böyük seqmenti mədaxildə payı 85,9 milyard dollar təşkil edən məntiqi sxemlər seqmenti olub ki, bu da bir il əvvəldən 5,2 faiz çoxdur. Eyni zamanda 17 faizlik artımın qeydə alındığı yaddaş çipləri bu bazarın ən sürətli inkişaf edən seqmenti kimi özünü göstərib. Yaddaş çipləri arasında daha çox artım (33 faiz) “DRAM” çiplərində müşahidə edilib. “NAND” çiplərinin satışında artım 8,1 faizə bərabər olub.
2013-cü ilin yekunlarına görə, satış həcmində Şimali və Cənubi Amerikada 13,1 faiz, Avropada 5,2 faiz, Asiya-Sakit okean regionunda 7 faiz artım qeydə alınıb, - "Cybersecurity
www.cybersecurity.ru” yazır.