2017-ci ildə mobil kompüterlərin 75 faizi planşet olacaq
“NPD DisplaySearch” tədqiqat şirkəti dünya mobil kompüterlər bazarı üzrə proqnoz tərtib edərək bura noutbuk və ultrabuklarla yanaşı, planşet kompüterləri də daxil edib. Ekspertlərin fikrincə, planşetlərin qiymətinin yaxın illər ərzində ucuzlaşacağı proqnozlaşdırılsa da, noutbuklarda qiymət azalması gözlənilmir.
Analitiklərin proqnozlarına əsasən, 2014-cü ildə dünya üzrə planşetlərin tədarük həcmi 315 milyon, 2017-ci ildə isə 455 milyon ədədədək artacaq. Hesabat dövrü ərzində bu qurğuların mobil fərdi kompüterlər bazarında payı 65 faizdən 75 faizədək yüksələcək, planşetlərin orta qiyməti 311 dollardan 296 dollaradək azalacaq.
“NPD DisplaySearch”in baş analitiki Riçard Şimin sözlərinə görə, məhz qiymətin aşağı düşməsi planşetlər seqmentinin artımının əsas amillərindən biridir. Bundan başqa, tələbatın artması texnologiyaların inkişafına və rəqabətin sürətlənməsinə zəmin yaradacaq. Hazırda ənənəvi kompüter istehsalçılarının əksəriyyəti, o cümlədən “Lenovo”, “HP” və “Dell” şirkətləri planşet istehsalına üstünlük verir, - R.Şim qeyd edib.
Onun sözlərinə görə, 2013-cü ilin ikinci yarısının istehsalçılar üçün gözlənilmədən zəif olması səbəbindən onlar cari il üçün noutbukların buraxılışı üzrə proqnozu 7 faiz azaldıblar. Ötən il 155 milyon noutbuk və 26 milyon ultrabuk istehsal olunub. Üç ildən sonra mütəxəssislər bu göstəricinin müvafiq olaraq 105 və 57 milyon ədəd səviyyəsində olacağını proqnozlaşdırırlar.
2014-cü ildə portativ kompüterin orta qiymətinin 2013-cü ildəki 667 dollardan 693 dollaradək artacağı gözlənilir. Ultrabukların da qiyməti 885 dollardan 936 dollaradək bahalaşacaq, - "3DNews
www.3dnews.ru” yazır.