Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əli Abbasov: “Hazırda Azərbaycan internetinin xaricə çıxış sürəti 200gb/saniyədir”


"Son illər Azərbaycanda internet bir çox göstəricilərinə görə regionda liderlik mövqeyi tutur. Ən əsası isə ölkəmiz internetin azadlığı üzrə də reytinqlərdə yüksək pillələrdə özünə yer alıb. Bunun özü çox böyük amildir". Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə verdiyi açıqlamasında qeyd edib ki, hazırda bir çox ölkələrdə internetin resurslarına çıxış müəyyən səbəblərdən məhdudlaşdırılır. Amma Azərbaycanda bu kimi hal mövcud deyil, əksinə, internet istifadəçilərinin sayı sürətlə artır:
 
"Məhz ona görə bir çox regionlarda internetlə bağlı müəyyən sürət problemləri yaranır. Amma bu kimi problemlər də qiymətlə əlaqədardır. Çünki vətəndaşlar bir qədər artıq qiymətlərlə yüksəksürətli internetə sərbəst çıxış əldə edə bilərlər. Lakin biz əhalini ucuz və yüksəksürətli internetlə təmin etmək üçün Dövlət Neft Fondu ilə birgə layihə həyata keçiririk. Hesab edirik ki, bu layihə artıq ilin ikinci yarısından başlayaraq öz effektini verəcək. İkinci bir tərəfdən, Azərbaycanda internet istifadəçilərinin sayı həddən-ziyadə çox olduğu üçün və internetin isə ünvanlar fəzası məhdud olduğundan müəyyən sürət problemləri yaşanır. Bu cür problemlər bütün dünyada da hiss olunur. Ona görə də biz çalışacağıq ki, ikinci ünvan İP modelinə keçməmişdən öncə internet ünvanlarının sayını xaricdən alınan ünvanlar hesabına genişləndirək".
 
İnternetin sürətinə görə Ermənistanın Azərbaycandan irəli olması ilə əlaqədar yayılan məlumatlara toxunan nazir bu informasiyaların həqiqətə uyğun olmadığını söyləyib: "Hazırda Azərbaycan internetinin xaricə çıxış sürəti 200gb/saniyədir. Ermənistan isə bu rəqəmin təxminən 1/10-nə yaxınlaşır. Onu da qeyd edim ki, bu gün Azərbaycanın, məsələn, "Delta Telekom"un verdiyi internet hətta Gürcüstan, İran və Orta Asiyada istifadə olunur. Bizdə olan məlumata görə, ondan Ermənistan da Gürcüstan vasitəsilə istifadə edir. Amma biz onu görə bilmirik".
 
 
Sonra mobil nömrə daşınması xidmətinin tətbiqi ilə əlaqədar sualları cavablandıran nazir Əli Abbasov qeyd edib ki, artıq bir neçə vətəndaş nömrələrin daşınması üçün müraciət edib: "Çox yaxşı haldır ki, hər üç operator bu sistemə qoşuldu. Hələlik nömrə daşınmasında hər hansı bir problem yoxdur.  Ümid edirik ki, bu xidmətin tətbiqi  internet bazarında rəqabətin gücləndirilməsinə və eyni zamanda isə qiymətlərin aşağı salınmasına gətirib çıxardacaq".
 
Seymur Qasımbəyli
 




10/02/14    Çap et