“Dyson” robot texnikasına investisiya yatıracaq
Böyük Britaniyanın kondisioner, tozsoran və digər məişət texnikası istehsalçısı “Dyson” şirkəti London İmperiya Universiteti yanında robot texnikasının yaradılmasına 8 milyon avro yatıracaq. Yeni laboratoriyada aparılacaq tədqiqatlar gələcək robotlar üçün videosistemlərin yaradılmasına yönəldiləcək.
Şirkət təkcə videosistemlər yaratmaq deyil, həm də onları müxtəlif məqsədlər üçün adaptasiya etməyi planlaşdırır.
“Dyson” nümayəndələri bildirirlər ki, onlar əvvəlcə robotlaşdırılmış tozsoranlar, daha sonra geniş sahədə tətbiq edilən robotlar üçün robotmüşahidə sistemi yaratmaq niyyətindədirlər. “Dyson” şirkətinin təsisçisi Ceyms Dayson bildirib ki, şirkət son nəticədə ev təsərrüfatında istifadə üçün nəzərdə tutulan geniş çeşidli robotların istehsalını planlaşdırır. “Mənim nəslim inanırdı ki, 2014-cü ildə planetdə hər şey robotlar tərəfindən idarə olunacaq. Hazırda biz bunun üçün texnologiya və mexanizmlərə malikik, lakin robotlar hələ də ekzotika olaraq qalır və biz onları insanlara daha yaxın etməyi düşünürük”, - o vurğulayıb.
2001-ci ildə şirkət dünyanın ilk “Dyson DC06” robot-tozsoranının prototipini istehsal edib. Lakin o vaxt robotun baha olması və praktik istifadə üçün çox ağır olması səbəbindən şirkət istehsalı dayandırmalı olub. O vaxtdan bazara çoxlu robotlaşdırılmış tozsoranlar, o cümlədən “LG Hom-Bot”, “iRobot Roomba” və s. modellər çıxarılıb.
Şirkətin robot texnikası sahəsində investisiya planı 5 illik müddət üçün nəzərdə tutulub. Ümumilikdə “Dyson” bu sahəyə hazırda 8 milyon avro, sonrakı üç ildə isə 4,5 milyon avro yatırmaq niyyətindədir. Yaradılmış laboratoriyada on beş mühəndis və proqramçı çalışacaq.
Cari ilin yanvarında “Dyson” şirkətin Viltşir şəhərində yerləşəm “R&D” mərkəzinin genişləndirilməsi və daha 3 min mühəndisin işə qəbul olunması üzrə qlobal planını açıqlayıb, - "Cybersecurity
www.cybersecurity.ru” yazır.