Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gənc tədqiqatçılar nanotexnologiya sahəsi ilə bağlı məlumatlandırılıblar
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə "Yüksək texnologiyaların materialı - Qrafen. Xassələri, tətbiqləri" mövzusunda seminar keçirilib. Seminarda məqsəd gənc tədqiqatçıların fizika elminin nanotexnologiya sahəsindən məlumatlı olmalarını və bu sahədə elmi biliklərini genişləndirməyi təmin etməkdir.
İnstitutdan bildirilib ki, tədbiri açan Gənc Alim və Mütəxəssislər Şurasının sədri Suma Hüseynova İnnovasiya sektorunun professoru, məruzəçi Hüseyn Orucova şuranın dəvətini qəbul etdiyinə görə təşəkkürünü bildirib. İlk olaraq mövzunun aktuallığından danışan məruzəçi karbonun çoxatomlu təbəqəsi olan qrafen haqqında məlumat verib. Bildirib ki, təbiətdə ən nazik və ən möhkəm material olan qrafen 2004-cü ildə britaniyalı fiziklər A.Geyn və K. Novoslov tərəfindən kəşf olunub.
2010-cu ildə isə alimlər bu ixtiralarına görə "Nobel" mükafatına layiq görülüblər. H.Orucov vurğulayıb ki, 2013-cü ildə qrafenin xassələrini tədqiq etmək məqsədilə İsveçin Çalmers Universitetinin professoru Jare Kenareteyə qrant layihəsi çərçivəsində bir milyard avro ayrılıb.
Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.
Həqiqət İSABALAYEVA
10/02/14 Çap et