Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan startupları Türkiyəyə beynəlxalq tədbirdə təqdim olunacaq
Bu il fevralın 20-22-si tarixlərində Türkiyənin Antalya şəhərində "Startup Turkey 2014" tədbiri keçiriləcək. 3 gün davam edəcək tədbirə dünyanın 20-yə yaxın ölkəsindən 75 startup, 150 investor qatılacaq.
Antalya "Rixos Hotel"də baş tutacaq tədbirdə yeni ideyalar, yeni startuplar təqdim olunacaq, gələcək inkişaf mərhələləri müzakirə ediləcək. Builki tədbirdə ölkəmiz 7 startapla təmsil olunacaq. Onlar "MultiBon", "Manads", "Modaha", "Nettrends", "Socset", "VitalCV" və "Loupse" layihələridir.
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə "Manads" layihəsinin rəhbəri Vaqif Abbasov məlumat verib. O qeyd edib ki, 3 nəfərlik heyətlə Antalyaya yollanacaq "Manads" komandası məhsulun təqdimatını edəcək. Layihə çərçivəsində bu günədək görülən işlər, həmçinin onun Türkiyə və qlobal bazar üçün planları, strategiyası haqda danışılacaq.
Tədbir çərçivəsində bir neçə investorun "Manads"ın komandası ilə görüşü də nəzərdə tutulub: "Manads"ın qlobal bazar çıxışı üçün ilk olaraq Türkiyəni seçməsinin bir sıra səbəbləri var.
Belə ki, Türkiyədə hazırda 16 milyondan çox "Android" ƏS telefon istifadəçisinin olması "Manads"ın hazırkı "CallAds" məhsulu üçün kifayət qədər geniş bazardır. Türkiyənin oturuşmuş reklam ənənəsi, reklam mədəniyyəti, digər tərəfdən yeniliklərə açıq olması "Manads"ın inkişafı baxımından böyük rol oynaya bilər. Həmçinin Türkiyədə əldə olunacaq təcrübə digər ölkələrə çıxış üçün faydalı olacaq".
Seymur Qasımbəyli
10/02/14 Çap et