Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Paytaxtın elektrik şəbəkəsində uzaqdan idarəetmə sistemi tətbiq olunur
"Bakıelektrikşəbəkə" ASC-nin elektrik şəbəkəsində kompüter bazası əsasında qurulan və proqramlaşdırılan avtomatik uzaqdan idarəetmə sistemi – "SCADA" (Supervisory Control and Data Acquisition) uğurla istismar olunur.
Səhmdar Cəmiyyətdən verilən məlumata görə, bu sistemə qoşulan yarımstansiyaların hər hansı birində enerji itkisi, elektrik hadisəsi və ya bu kimi qəza baş verərsə, ani olaraq həmin hadisə birbaşa xüsusi həyəcan siqnalı ilə Mərkəzi Dispetçer Xidmətinə ötürülür ki, bu da dispetçerin kompüter displeyində əyani təsvir olunur. Hadisəni seyr edən növbətçi dispetçer dərhal qəzanın baş verdiyi elektrik avadanlığını təyin edir, qəzanın yaranma səbəbini araşdırır və qəzanın tez bir zamanda aradan qaldırılmasını həyata keçirir. Bu da istehlakçıların enerji təchizatında fasilə yaratmır.
Lakin "SCADA" uzaqdan idarəetmə sistemi tətbiq edilməyən şəbəkə və yarımstansiyalarda isə baş vermiş bu və ya digər elektrik hadisələri, gərginlik itkisi, avtomatik açılma və ya hər hansı bir qüsur haqqında məlumat dispetçer xidmətinə birbaşa yox, bilavasitə yerli şəbəkə rayonlarından, abonentlərin və ya istehlakçıların "199 Qəza xidməti", "Qaynar xətt" xidmətlərinə ünvanladığı telefon zəngləri vasitəsilə bu qurumlardan daxil olur. Növbətçi dispetçer tərəfindən qəza baş vermiş nöqtəyə təcili operativ əməliyyat briqadası göndərilsə də, qəzanın ləğvi obyektiv və subyektiv səbəblərdən (hadisə yerinə çatmaq, avadanlıqlara texniki baxış keçirmək, yollardakı tıxaclar, maşın-mexanizmlərin intensiv hərəkəti və s.) ləngiyir, bu da istehlakçıların haqlı narazılığına səbəb olur. Odur ki, hal-hazırda idarəetmənin ən perspektiv və optimal yolu "SCADA" uzaqdan idarəetmə sistemidir.
CAHANGİR
10/02/14 Çap et