Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elman Rüstəmov: “Elektron ödənişlərin həcmi ÜDM-in 2 mislini ötüb”
“Mərkəzi Bank 2013-cü ildə də ödəniş infrastrukturunun inkişaf etdirilməsi və elektronlaşdırma istiqamətində genişsəpkili fəaliyyətini davam etdirib. Ölkədə nağdsız və elektron hesablaşmaların həyata keçirilməsinə imkan verən müasir ödəniş infrastrukturunun inkişafı daha geniş miqyas alıb”.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Mərkəzi Bankın sədri Elman Rüstəmov söyləyib. O, MB-nın İdarə Heyətinin 2013-cü ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında bildirib ki, ödəniş sistemlərinin sabitliyi və təkmilləşdirilməsi təmin edilib, elektron ödənişlərin həcmi ÜDM-in 2 mislini ötüb.
İclasda aparılan müzakirələrdə həmçinin qeyd edilib ki, Mərkəzi Bankın valyuta ehtiyatları hesabat ilində 21% artaraq 14,2 mlrd. ABŞ dollarına çatıb.
İclasın yekununda ümumilikdə 2013-cü ilin nəticələrini müsbət qiymətləndirən E.Rüstəmov 2014-cü il üçün Mərkəzi Bankın qarşısında duran başlıca vəzifələrə diqqəti çəkib. O bildirib ki, ölkədə iqtisadi inkişafın dayanıqlığının qorunmasında aktiv iştirak edən dövlət institutu kimi Mərkəzi Bank 2014-cü ildə də cənab prezidentin qarşıya qoyduğu sosial-iqtisadi inkişaf hədəflərinin realizasiyasında fəal iştirak edəcək, “Sənaye ili”ndə iqtisadiyyatın şaxələnməsi, o cümlədən qeyri-neft iqtisadiyyatının sürətli inkişafı üçün zəruri monetar dəstəyini verəcəkdir. Təkrəqəmli aşağı inflyasiyanın makroiqtisadi siyasətin məqbul hədəfi olmasını nəzərə alaraq, Mərkəzi Bank hökumətin inflyasiya üzrə proqnozlarının gerçəkləşməsinə pul siyasəti vasitəsilə zəruri dəstək verəcəkdir. Bunun üçün sərəncamında olan tənzimləmə alətlərindən istifadə edərək baza inflyasiyaya təsir göstərəcəkdir: “Nağdsız ödənişlərin miqyasının genişləndirilməsi, ipoteka mexanizminin inkişafı Mərkəzi Bankın fəaliyyətinin mühüm prioritetlərindən olacaqdır”.
Seymur Qasımbəyli
11/02/14 Çap et