Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi yaradılacaq


İşləyən əhalinin sosial müdafiəsinin gücləndirilməsi və əhalinin məşğulluğunun təmin edilməsi sahəsində əməkdaşlığa dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında Anlaşma Memorandumu və ƏƏSMN ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
 
İmzalanma mərasimində çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri S.Müslümov bildirib ki, bir çox xidmətin elektron qaydada göstərilməsi, "bir pəncərə" prinsipinin tətbiqi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi və s. tədbirlər nəticəsində güclü özəl sektor formalaşıb.
 
S.Müslümov eyni zamanda, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 03 fevral 2014-cü il tarixli Fərmanı ilə Əmək Məcəlləsində edilmiş sonuncu dəyişikliklərin məşğul əhalinin əmək hüquqlarının müdafiəsinin təmin olunmasına, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlərin aradan qaldırılması istiqamətində mühüm addımlardan biri olduğunu qeyd edib. Onun sözlərinə görə,  hazırda nazirlikdə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılması istiqamətində gərgin iş gedir.
 
Həqiqət İSABALAYEVA




11/02/14    Çap et