Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Beynəlxalq Telekommunikasiya İttifaqı dünyanın diqqətini qlobal miqyasda artan avtoqəzalara yönəldəcək
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) dünyanın diqqətini getdikcə artan avtoqəzalara yönəldəcək. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, hər il təxminən 1,24 milyon insan yol qəzalarında həlak olur, 20-50 milyon isə müxtəlif dərəcəli xəsarətlər alaraq yaralanır. ÜST bütün dünya üzrə durmadan artan yol qəzalarında ölən insanların sayının 2030-cu ilədək 2 milyona çatacağını proqnozlaşdırır.
Qlobal miqyasda narahatlıqla qarşılanan vəziyyətin hərtərəfli təhlili və problemdən çıxış yollarının axtarılması üçün BTİ 5-6 mart 2014-cü il tarixlərində İsveçrənin Cenevrə şəhərində "Gələcəyin şəbəkəyə qoşulmuş avtomobili" (Future Networked Car) mövzusunda beynəlxalq simpozium təşkil edəcək. Dünyanın ən böyük pivə istehsalçılarından olan "Anheuser-Busch InBev" korporasiyasının dəstəyi ilə baş tutacaq simpozium avtomobil sənayesinin liderləri, avtoidman, beynəlxalq avtomobil assosiasiyaları və İKT mütəxəssislərini bir araya gətirəcək.
Gələcəyin avtomobilləri üçün innovasiyalar, yeniliklərin tətbiqi üzrə yüksəksəviyyəli dialoqda "ağıllı" nəqliyyat sisteminin qurulması, sözügedən sahədə inkişafın təsbiti, eyni zamanda bu dinamik sektorda yeniliklərin təşviqi üçün tanınmış sənaye rəhbərləri ilə geniş müzakirələrin aparılması nəzərdə tutulur. Xüsusən də belə texniki nailiyyətlərin tətbiqi üçün inkubator kimi əsas diqqət avtoidmana yetiriləcək. Həmçinin simpoziumun sessiyalarında avtomatlaşdırılmış sürücülük, təhlükəsizliyin artırılması məqsədi ilə yol və yol kənarı infrastrukturun təkmilləşdirilməsi, sürücülərin ölüm hallarının qarşısını ala biləcək, həmçinin bu halları azalda biləcək yeniliklərin tətbiqi, yeni texnologiyaların nəqliyyat sisteminə səmərəli, faydalı şəkildə inteqrasiyası və s. kimi məsələlər araşdırılacaq. BTİ-dən bildirilib ki, qlobal təhlükəsizliyin təmin edilməsində bütün təşkilat və şirkətlərin koalisiyası, ictimai, özəl, dövlət qurumlarının tərəfdaşlığı tələb olunur ki, keçiriləcək beynəlxalq simpozium da yol təhlükəsizliyi cəhdlərinin inkişafı və həyata keçirilməsi üçün strateji platforma yaratmaqla, geniş müzakirə meydanına çevriləcək.
Qeyd edək ki, aktuallığını saxlayan problem BTİ tərəfindən ilk dəfə qabardılmır. Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən 17 may 2006-cı ildə qəbul olunmuş və hər il qeyd edilən "Ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti günü"nun 2013-cü ildə də əsas tezisi məhz "İnformasiya-kommunikasiya texnologiyaları və yol hərəkətinin təhlükəsizliyi" idi.
Həqiqət İSABALAYEVA
12/02/14 Çap et