Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda “Azərbaycan - Yaponiya İKT seminarı” keçirilib
Yaponiyanın telekommunikasiya və peyk sahəsində aparıcı “Nippon Electric Company” (NEC) korporasiyasının nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir. İki ölkə arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması və İKT sahəsində əlaqələrin daha da genişləndirilməsi məqsədi daşıyan səfər çərçivəsində fevralın 13-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində yapon mütəxəssislərinin iştirakı ilə seminar keçirilib.
“Azərbaycan - Yaponiya İKT seminarı”nda çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanın apardığı enerji siyasətindən əldə olunan nəticələrin bazası əsasında yeni, diversifikasiyaya söykənən dayanıqlı iqtisadiyyatın qurulması ilə bağlı gələcək hədəflərdən söz açıb.
Texnoloji, elmtutumlu, innovativ və yüksək texnologiyalar əsasında təşkil olunan iqtisadi sektora böyük önəm verildiyini deyən nazirin sözlərinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən bu istiqamətdə aparılan siyasətə uyğun olaraq, gələcək inkişafın üç əsas xətt üzərində qurulması planlaşdırılır.
Belə ki, qarşıdakı illərdə informasiya şəbəkə infrastrukturunun inkişafı, elektron, innovativ məhsul və xidmətlərin istehsalı və regional bazarlara çıxarılması, regional və daxili bazarda informasiya texnologiyaları xidmətlərinin genişləndirilməsi nəzərdə tutulur.
Regional və beynəlxalq səviyyədə tranzit informasiya magistrallarının qurulması və regional İKT xidmətlərinin göstərilməsindən də söz açan nazir ölkəmizdə yeni mobil tətbiq və həllərin yaradılması, həyata keçirilən infrastruktur layihələri, o cümlədən bütün yaşayış məntəqələrinə fiber-optik kabel şəbəkəsi üzərindən yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutan “Milli genişzolaqlı internetin inkişafı”ndan danışıb.
“Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasına da toxunan nazir konsepsiyanın 3 əsas sütun - bilik, insan resurslarının inkişafı, innovativ sahibkarlığın inkişafı üçün yaradılan xüsusi mühitin yaradılması və vergi, gömrük, digər güzəştlər hesabına dövlət tərəfindən dəstəklənməsi, eyni zamanda bu sahənin inkişafı üçün vacib olan kapital, maliyyələşmə üzərində qurulduğunu qeyd edib.
Ölkədə rəqəmli iqtisadi sektorun inkişafı və müxtəlif innovativ məhsul və xidmətlərin kütləvi istehsala çevrilməsi məqsədilə həyata keçirilən işlərdə beynəlxalq əməkdaşlığa önəm verildiyini də vurğulayan Ə.Abbasov bu baxımdan NEC korporasiyasının ölkəmizə səfərini yüksək dəyərləndirib. Bu səfərin Azərbaycanla Yaponiya arasında uğurlu əməkdaşlığın formalaşmasına töhfə verəcəyinə əminliyini bildirib.
Respublikamızın zəngin təbii resurslara malik olduğunu söyləyən Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi bu baxımdan ölkəmizə digər dövlətlər tərəfindən marağın ilbəil artdığını bildirib. 1992-ci ildə Yaponiya ilə Azərbaycan arasında qurulan diplomatik əlaqələrin hər il daha da gücləndiyini deyən səfir ölkələr arasında bütün sahələrdə, o cümlədən iqtisadi münasibətlərdə geniş tərəfdaşlıq imkanlarının olduğunu vurğulayıb. Hər səfərlə əlaqələrin inkişafına daha da güclü zəmin yarandığını deyən Tsuquo Takahaşi İKT sahəsində də əməkdaşlıq üçün böyük potensialın olmasını diqqətə çatdırıb:
“Əminəm ki, bütün dünyada geniş səviyyədə məhsul və xidmətləri təqdim edən “NEC” Azərbaycanda da uğurlu, etibarlı tərəfdaşa çevriləcək. Bu tərəfdaşlıq Yaponiya ilə Azərbaycan arasında münasibətləri daha da möhkəmləndirərək, əlaqələrimizi növbəti səviyyəyə qaldıracaq”.
Şirkətin fəaliyyəti, istehsal etdiyi xidmət və məhsullardan söz açan “NEC Corporation”-ın Avropa, Yaxın Şərq və Afrika bölməsinin baş direktoru Masahiro İkeno Azərbaycan bazarına göstərdikləri böyük maraqdan danışıb. M. İkeno korporasiya tərəfindən təqdim edilən məhsul və xidmətlərin lokal tələblərə uyğunlaşdırılması, həmçinin texnologiyaların yerli şərtlərlə optimallaşdırılmasının vacibliyini vurğulayıb.
Seminar “NEC” korporasiyasının təqdimatı, İKT sahəsində həllər, genişzolaqlı internetin inkişaf layihəsi, əsas şəbəkə sistemləri mövzularına həsr olunmuş sessiyalar üzrə aparılan müzakirələrlə davam etdirilib.
Həqiqət İSABALAYEVA
13/02/14 Çap et