Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gənc liderlərə İTİDF haqqında geniş məlumat verilib


"İrəli" İctimai Birliyinin təşkil etdiyi "Gənc Liderlər üçün Qış Universiteti – Kreativ başlanğıc" layihəsinin növbəti qonağı İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov olub.
 
Gənc liderlərlə görüşən A.Bayramov təmsil etdiyi qurumun fəaliyyəti ilə bağlı geniş təqdimat edib. O qeyd edib ki, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 15 mart tarixli 2095 nömrəli Sərəncamı ilə yaradılıb və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Onun sözlərinə görə, fond informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyətin stimullaşdırılmasını, bu sahədə innovasiyaların tətbiqini, habelə tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsini maliyyə dəstəyi ilə təmin edən dövlət orqanıdır.

A.Bayramov onu da qeyd edib ki, təmsil etdiyi fond öz fəaliyyətini dövlət və yerli özünüidarəetmə orqanları, informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən hüquqi şəxslər, kredit, maliyyə və sığorta təşkilatları, sahibkarlığın inkişafına dəstək verən ictimai birliklər, qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlar ilə əlaqəli şəkildə həyata keçirir.
 
Görüşün sonunda ekspert gənc liderlərin çoxsaylı suallarını cavablandırıb.
 
Seymur




13/02/14    Çap et