Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Akademik Arif Paşayevin 80 yaşı tamam olur
Fevralın 15-də Azərbaycanın görkəmli alimi, elm və təhsil təşkilatçısı, ictimai xadim, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Arif Mir Cəlal oğlu Paşayevin 80 yaşı tamam olur.
Görkəmli akademikin Müstəqil Azərbaycanda elmin, xüsusilə, radio-fizikanın inkişafında dəsti-xətti və yüksək xidmətləri təqdirəlayiqdir. Gərgin elmi axtarışlarının uğurlu nəticəsi kimi ilk dəfə yarımkeçirici materialların elektrofiziki parametrlərinin kontaktsız ölçülməsi üsullarının elmi əsaslarını işləyərək bu üsulları reallaşdıran elmi cihazlar yaratmağı, dünyada ilk dəfə onun rəhbərliyilə işlənib hazırlanmış "Təyyarə salonlarının dezinfeksiyası üçün ozonlaşdırma üsulu və qurğusu", yüksək və ifratyüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını hazırlaması, yüksək elektrik izolyasiyalı, korroziyaya və rütubətə davamlı, səs dalğalarının yayılması üçün şəffaf kipləndirici olan yeni poliefiruretan əsaslı lak-kompaundun, aviasiya təyinatlı aşağı temperaturlu sürtkü materialları və hidravlik mayelərin, həlledicilərin istehsalı texnologiyasını yaratması və digər elmi nailiyyətləri əvəzsizdir.
Kosmik sənayenin yaradılması və inkişafı istiqamətində yaradılan Kosmik Məsələlər üzrə Şuranın sədri kimi ölkəmizdə kosmik sənayenin inkişafı, beynəlxalq təcrübədən uğurla istifadə olunması, kosmik fəaliyyət sahəsində qabaqcıl təcrübənin və elmi-texniki nailiyyətlərin öyrənilməsi, bu sahədə səmərəli təkliflərin hazırlanmasında Arif Paşayevin zəngin təcrübə və məsləhətləri xüsusilə əhəmiyyətlidir. Bu kontekstdə Rabitə və İnformasiya Texnologiyalara Nazirliyi ilə birgə əməkdaşlıq ümumən sektorun dinamik inkişafına rəvac verir.
Akademik Arif Paşayev elm cəmiyyətinə əldə etdiyi çoxlu sayda elmi nailiyyətləri ilə əvəzsiz örnəkdir. O, Odessa Elektrotexniki Rabitə İnstitutunda ali təhsil almış, əmək fəaliyyətinə 1957-1958-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) laborant vəzifəsində başlamış, Azərbaycan Milli Elmlər Akademiyasında davam etdirmişdir: 1958-ci ildə AMEA Astrofızika sektorunda kiçik elmi işçi, 1959-cu ildən AMEA Fizika İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi , "Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları" və "Yarımkeçiricilərdə elektromaqnit və akustooptik proseslərin fiziki-texniki problemləri" laboratoriyalarının müdiri işləmişdir.
1966-cı ildə "Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi, 1978-ci ildə "Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiq perspektivləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini almışdır.
Alimin elmi fəaliyyətinin əsas istiqaməti yarımkeçiricilər fizikası və yarımkeçirici cihazlardır. O, yarımkeçirici materialların mühüm elektrofiziki parametrlərini (keçiricilik, yükdaşıyıcıların yaşama müddəti, yürüklüyü və s.) ölçmək məqsədilə yüksək tezlikli cərəyanlardan istifadə etməklə materialı zədələmədən kontaktsız ölçü üsullarının elmi əsaslarını yaratmış, müxtəlif təyinatlı çeviricilər sahəsində yeni elmi istiqamətin əsasını qoymuşdur. Arif Paşayevin rəhbərliyi və bilavasitə iştirakı ilə yaradılan cihazlardan silindr şəkilli yarımkeçirici şayba və hissələrin xüsusi müqavimətinin kontaktsız ölçülməsi üçün "Siqma" seriyalı cihazı, yüksək aşqarlanmış yarımkeçiricilərin və yarımmetalların kontaktsız tədqiqi üçün "RO" seriyalı cihazı, lövhə və silindirvari nümunələrin qeyri-bircinsliyinin kontaktsız ölçülməsi üçün "BİN" seriyalı cihazları və s. qeyd etmək olar.
Arif Paşayevin elmi-tədqiqat işlərinin digər bir hissəsi fotoelastik material kimi daha sadə hazırlanma texnologiyasına malik olan kristallik kvars əsasında akustooptik modulyatorun işlənməsidir. O, 1993-97-ci illərdə fotoelastik mühitlərdə akustooptik qarşılıqlı təsirin xüsusiyyətlərini tədqiq edərək, bu effekti bir sıra radiofizika və radiotexnika məsələlərinin həllinə tətbiq etmişdir. Alim siqnalların zaman təhriflərinə korreksiyasının, çevrilməsinin, tezlik modulyasiyalı siqnalların izləyici qəbulunun akustooptik üsullarını və bu üsulları reallaşdıran qurğuları sintez etmiş, onların parametrlərini araşdırmışdır. Alınmış nəticələr bir sıra xarici ölkələrin nüfuzlu elmi nəşrlərində dərc edilmişdir.
O, müxtəlif elektromaqnit sahələrinin keçirici mühitlə qarşılıqlı təsirinin tədqiqi nəticəsində maşınqayırma məmulatlarına cərəyan burulğanları ilə nəzarət üçün yeni üsullar və qurğular yaratmışdır. Elektron mikrometri, dərinlik nasoslarının içliklərinin diametrini və dərin deşikləri ölçmək üçün proqram təminatlı xüsusi elektron qurğular, SD-1 kondisionerlərinin dianostikası üçün stend və s. bu qəbildəndir. Dəqiq, inteqral miniatür çevricilərin, temperatur, təyziqə, nəmliyə, gücə, təcilə, aşınmaya və titrəyişə həssas elementlərin yaradılması sahəsində də Arif Paşayev mühüm nəticələr əldə etmişdir. Bu elementlər gəmiqayırma, neftmaşınqayırma, müdafiə, tibb sənayeləri və digər sahələrdə geniş tətbiq edilir, həmçinin onlardan yüksək çevikliyə malik nəzarət sistemlərinin yaradılmasında istifadə olunur. Hərarətölçən, möhkəm gövdəli "Dalğa" qurğusu, "Tranzistor" seriyalı elektron termometr, yüksək cəldliyə malik termometr, "Dalğa" seriyalı inteqral təyziqölçənlər və "Kremni" seriyalı elektron manometrlər, endoskopik tədqiqatlar üçün termometrlər, təzyiq və temperatur ölçənlərin tədqiqi üçün stend və s.bu qəbildəndir.
Arif Paşayev 1991-ci ildə avtonom hidroakustika informasiya sisteminin yaradılması sahəsindəki nailiyyətlərinə görə Azərbaycan SSR Dövlət Mükafatı laureatı olmuşdur.
Hazırda onun Fizika İnstitutunda rəhbərlik etdiyi problem yarımkeçiricilərdə və dielektriklərdə akustooptik proseslərin fıziki-texniki məsələlərinin tədqiqinə həsr olunub və institutun dörd laboratoriyasının fəaliyyətini əhatə edir. Tədqiqatların əsas məqsədi mürəkkəb tərkibli yarımkeçiricilərin alınması, onların elektrik, fotoelektrik, optik, fotoelastik xassələrinin mexanizmini aydınlaşdırmaq, müxtəlif çeviricilərin, qəbuledicilərin, o cümlədən akustooptik ləngitmə xətlərinin, akustooptik panoram qəbuledicinin və akustooptik razılaşdırılmış süzgəc və başqalarının hazırlanmasıdır. Bu qurğular dünyanın bir sıra elm mərkəzlərində, maşınqayırmada, hərbi sənayedə və digər sahələrdə tətbiq olunur.
Funksional elektronikanın müstəqil elmi istiqaməti olan neqatronika sahəsi keçən əsrin sonunda ilk dəfə olaraq Arif Paşayevin elmi məktəbində aşkarlanmış və öz inkişafını tapmışdır.
Fizika elminin inkişafında əldə etdiyi yüksək nailiyyətlərinə görə Arif Paşayev 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Arif Paşayevin məsləhətçiliyi və rəhbərliyi altında onlarla elmlər və fəlsəfə doktorluğu dissertasiyası müdafiə olunmuşdur. O, dəfələrlə Rusiya, Ukrayna, Latviya, Estoniya və eləcə də respublikamızda müdafiə olunmuş onlarla doktorluq dissertasiyası üzrə rəsmi opponent kimi çıxış etmişdir.
Akademik 400-dən çox elmi məqalənin, 30-dan artıq kitab və monoqrafiyanın müəllifidir. O, 60-dan çox ixtira üçün müəlliflik şəhadətnaməsi və sənaye nümunələri almışdır.
Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru olan akademik Arif Paşayev elm sahəsindəki yüksək xidmətlərinə görə 2004-cü ildə Azərbaycan Respublikasının "Şöhrət" ordeni, 2009-cu ildə isə "Şərəf" ordeni ilə təltif edilmişdir. O, Nobel mükafatı laureatı İ.V.Pavlov adına "Qızıl nişan"la, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının "Qızıl medal"ı, akademik Y.Məmmədəliyev adına medalla, Beynəlxalq Aviasiya Komitəsinin "Qızıl medal"ı, Beynəlxalq Mühəndislik Akademiyasının "Mühəndislik şöhrəti" ordeninə də layiq görülmüşdür.
15/02/14 Çap et