Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mərkəzləşdirilmiş, Avtomatlaşdırılmış Radiomonitorinq Şəbəkəsinin Sahil məntəqəsində quraşdırma işləri apreldə başa çatacaq


Azərbaycanın Mərkəzləşdirilmiş, Avtomatlaşdırılmış Radiomonitorinq Şəbəkəsinin Sahil məntəqəsi üçün nəzərdə tutulmuş avadanlıqların quraşdırılmasına başlanılıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, Sahil radiomonitorinq məntəqəsində stasionar monitorinq stansiya quraşdırılması üzrə işlərin aprel ayında başa çatdırılması nəzərdə tutulub.
“Hazırda tələb olunan avadanlığın bir hissəsi çatdırılıb və quraşdırılma işləri aparılır. Aprel ayında bütün avadanlıqların ölkəyə çatdırılaraq quraşdırılması planlaşdırılır. Növbəti mərhələdə şəbəkənin 9 regional bölməsində məntəqələrin yaradılması nəzərdə tutulub. Bu, Gəncə, Qəbələ, Masallı, Şirvan, Quba regional mərkəzləri və Qazax, Astara, Beyləqan, Zaqatala köməkçi stansiyalarında fəaliyyət göstərən məntəqələrdir. Hazırda biz daxili vəsaitlərimiz hesabına Gəncədə və Masallıda yer alaraq radiomonitorinq məntəqələri tikirik və onları 3 HHz-dək monitorinq aparmaq imkanına malik olan avadanlıqlarla təchiz edirik.
 
Bakı, Abşeron stansiyaları isə, Sahil məntəqəsi daxil olmaqla, 40 HHz monitorinq və pelenqasiya imkanlarına malikdir”, - deyə DRİ-də bildiriblər.  Layihənin həyata keçirilməsində "Sinam" şirkəti, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Radiotezliklər İdarəsi, "Test Solutions"in nümayəndələri iştirak edirlər. Layihənin Bakı və Abşeron seqmentinin yaradılması üçün dövlət büdcəsindən 17 milyon manat ayrılıb.
 

Monitorinq şəbəkəsinin yaradılması layihəsi çərçivəsində Yeni Günəşlidə, Mehdiabadda və Gəncədə yerləşən üç mərkəzləşdirilmiş radiomonitorinq sistemi məntəqəsindən istifadə edilir. Layihə mərhələli şəkildə həyata keçirilir və ötən il ərzində şəbəkənin Bakı və Abşeron hissəsi üzrə 2 stasionar, 1 mobil və 1 idarəetmə mərkəzi yaradılaraq istifadəyə verilib.

Aynur Vəliyeva
 




17/02/14    Çap et