Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“iPhone” və "quqlofon"lar arasında qiymət fərqi stabil olaraq artır
“Apple” smartfonlarının “Android”-qurğulardan nəzərəçarpacaq dərəcədə bahalı olması hamıya məlum faktdır. Maraqlıdır ki, “iPhone” və "quqlofon"lar arasındakı qiymət fərqi nəinki azalmır, əksinə, stabil olaraq artır. “Statista” statistik agentliyinin mütəxəssisləri bu nəticəyə gəliblər.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, son üç ildə “iOS” və “Android” platforması ilə işləyən smartfonların orta satış qiyməti haqqında məlumatları toplamış tədqiqatçılar aydınlaşdırıblar ki, “Google”un mobil platforması ilə işləyən aparatlar nəzərəçarpacaq dərəcədə ucuzlaşıb. İlk öncə onların qiyməti 441 dollardan 380 dollaradək, sonrakı iki ildə 320 və 276 dollaradək azalıb.
“Apple” smartfonlarının qiyməti, həmçinin ucuzlaşıb, lakin bu proses çox ləng gedib: 2011-ci ildə “iPhone” smartfonunun qiyməti orta hesabla 710 dollar, 2012-ci ildə 686 dollar, 2013-cü ildə 650 dollar olub.
Nəticədə rəqiblər arasında qiymət fərqi artıb: üç il əvvəl “iOS” və “Android” sistemi ilə işləyən aparatların dəyərində fərq 261 dollar olduğu halda, ötən il bu göstərici 374 dollar təşkil edib.
Qiymətin sürətlə azalması "quqlofon"ların populyarlaşmasına imkan yaratmış əsas amillərdən biri olub: “IDC”-nin məlumatına görə, ötən il dünyada “Android” əsaslı 793,6 milyon smartfon buraxılıb ki, bu da 2012-ci illə müqayisədə 10% çoxdur.
2013-cü ildə “iPhone” smartfonunun tədarük həcmi 153,4 milyon olub.
Emil Hüseynov
18/02/14 Çap et