Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt”un rebrendinqi bu ilin sonuna kimi başa çatacaq


Hollandiyanın “Guidion” şirkəti Azərbaycanın milli poçt operatoru “Azərpoçt”un rebrendinqini bu ilin sonuna kimi başa çatdırmalıdır.
 
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Dövlət Müəssisələrinin Fəaliyyətinin Əlaqələndirmə Şöbəsinin müdir müavini,  poçt sektorunun müdiri Novruz Məmmədovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, şirkət hazırda  “Azərpoçt”un rebrendinq strategiyasının üzərində işləyir.
“Çox güman ki, burada “Azərpoçt”un loqotipinin dəyişilməsi nəzərdə tutulmur, çünki milli poçt operatorunun loqotipi yeni dəyişdirilib. Lakin daha uğurlu loqotip düşünülərək təklif edildiyi halda bu istisna edilmir”, - deyə o bildirib.
Qeyd edək ki, şirkət, ötən ilin sonunda Dünya Bankının keçirdiyi müvafiq tenderin qalibi olub. Bu tender “SECO”-nun Azərbaycan hökumətinə ayırdığı qrant hesabına “Maliyyə xidmətlərinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində keçirilib. Tender şərtlərinə əsasən, şirkətin “Azərpoçt” üçün hazırladığı marketinq strategiyasının pilot layihə çərçivəsində Şirvanda tətbiq ediləcəyi gözlənilir”.

Aynur Vəliyeva
  
 




18/02/14    Çap et