Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Siemens” avtomatlaşdırılmış sənaye texnologiyalarına 100 milyon dollar yatırmaq niyyətindədir


Almaniyanın “Siemens” şirkətinin “Siemens Venture Capital” (SVC) investisiya fondu avtomatlaşdırılmış sənaye və yeni istehsal texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərə 100 milyon dollar yatırmaq niyyətində olduğunu açıqlayıb.  

“Vəsaitlər texnologiyaları istehsal mühitini və avtomatlaşdırılmış sənaye bazarını dəyişmək potensialına malik gənc şirkətlərə qoyulacaq”, - “Siemens Venture Capital” fondunun sənaye istiqaməti üzrə baş direktoru Ziqfrid Rusvurm bildirib.

“SVC”-dan bildirilib ki, son bir neçə ay ərzində onlar sənaye proqram təminatının hazırlanması ilə məşğul olan iki şirkətə - Kanadanın “3D” vizuallaşdırmada ixtisaslaşan “Lagoa” və ABŞ-ın informasiya mühafizəsi texnologiyaları hazırlayan "CounterTack” şirkətlərinə vəsaitlər yatırıblar.

“Siemens Venture Capital”ın investisiya portfelinə sənaye, energetika, tikinti, kommunikasiya, nəqliyyat, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən şirkətlər daxildir. Fondun rəsmi saytına əsasən, hazırda fond 150-dən çox şirkətə investisiya qoyub.

“TechCrunch” nəşri yazır ki, korporativ investisiyalar ənənəvi vençur fondların investisiyalarından əsasən strateji məqsədlərə, bazar mövqeyinin möhkəmlənməsinə yönəlməsi ilə seçilir, halbuki vençur fondların investisiyalarının məqsədi isə mənfəət əldə etməkdir. Son illər onlar arasında fərq daha az nəzərə çarpmağa başlayıb. İri texnoloji şirkətlər investisiyalarla məşğul olan ayrıca bölmələr yaradır. Bu bölmələri getdikcə ənənəvi investisiya fondlarından fərqləndirmək çətinləşir.  

Lider korporativ investor “Google” (Google Ventures fondu) və “Intel” (Intel Capital) hesab edilir. Ötən ilin yekunları üzrə bu fondlar 360 investisiya raundunda iştirak edib ki, bu da bu tip investisiya şirkətlərinin iştirak etdiyi bütün investisiya raundlarının dörddə bir hissəsini (25 faiz) təşkil edib, - “CNews www.cnews.ru” yazır. 




18/02/14    Çap et