Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda dəyərli tip nümunələri rəqəmsallaşdırılacaq
Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunda İKT vasitəsilə bitki müxtəlifliyi haqqında məlumatların təkmilləşdirilməsi üzrə fəal addımlar atılır.
İnstitutun Herbari kolleksiyasının virtual herbari şəbəkəsinə qoşulması üçün yeni imkanlar yaradılır. Herbaridə saxlanılan dəyərli tip nümunələrinin rəqəmsallaşdırılaraq məlumat bazasına daxil edilməsi üçün yaxın günlərdə AMEA Botanika İnstitutu və Andrev V. Mellon Fondu (ABŞ) arasında Əməkdaşlıq haqqında Razılaşma imzalanıb və institut Qlobal Bitki Təşəbbüsünə (GPI) qoşulub. AMEA Botanika İnstitutunun Elmi İnformasiya və İnnovasiya şöbəsindən bildirilib ki, nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün Andrev V. Mellon Fondu tərəfindən qrant ayrılıb. Bu əməkdaşlıq çərçivəsində Botanika İnstitutunun gənc mütəxəssisinin Kyu Kral Botanika Bağında (Böyük Britaniya) tip nümunələrinin rəqəmsallaşdırılması və herbari məlumatlarının hazırlanması üzrə treninq keçməsi nəzərdə tutulub.
AMEA Botanika İnstitutunun Herbari Fondunda Azərbaycanın zəngin bitki örtüyünü, həmçinin ilk dəfə elm üçün Azərbaycan ərazisindən təsvir edilmiş bitki növlərinin tip nümunələrini əks etdirən uzun illərdən bəri toplanmış 600 000 nüsxədən ibarət zəngin herbari kolleksiyası saxlanılır.
Qlobal Bitki Təşəbbüsü dünya bitkilərinin koordinasiya olunan məlumat və təsvirlər bazasını yaratmağa yönəldilmiş beynəlxalq herbarium əməkdaşlığıdır, hazırda 70-dən çox ölkənin 260-dan çox herbariumu bu əməkdaşlığa daxildir və onun bazasında təxminən 2 140 000 təsvir və onlarla əlaqəli obyektlər saxlanılır ki, bunlardan 1 500 000-dən çoxu tip və tarixi nümunələrdir. Qeyd etmək lazımdır ki, virtual məlumat bazası şəbəkəsinə qoşulmaq müasir dövrün mühüm tələblərindəndir.
Həqiqət İSABALAYEVA
19/02/14 Çap et