Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kamran İmanov: “İnterneti idarə etmək üçün iki variant mövcuddur”


Ümumdünya Əqli Mülkiyyət Təşkilatı bütün üzv dövlətlərə internetdə yerləşdirilən materialların əlçatanlığı və müəllif hüquqları məsələləri ilə bağlı müraciət edib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib  ki, bu gün dünyada internetin açıqlığı, istifadəçilərin rəqəmlənmiş əsərlərə əlçatımlığının təmin edilməsi, digər tərəfdən müəlliflərin və hüquq sahiblərinin hüquqlarının qorunması müəyyən bir ziddiyyət təşkil edir. Bu da öz növbəsində maraqların toqquşması, hüquqların pozulmasına səbəb olur:
 
 “Bunların hamısını bir məxrəcə gətirmək üçün Ümumdünya Əqli Mülkiyyət Təşkilatı bildirir ki, hər bir dövlət öz səviyyəsində milli-qanunvericilik bazası əsasında layihələr təqdim etməlidir. Azərbaycan da belə bir layihəni beynəlxalq təşkilata təqdim edəcək. Layihənin əsas məqsədi qanunvericiliyin və idarəetmə sistemi vasitəsilə rəqəmli şəbəkədə hüquqların qorunmasından ibarətdir. Bu istiqamətdə dünyada 3 variant var. Birinci varianta görə, internetdən müəlliflik hüququ götürülsün və yalnız müəllifə istinadla əsərlərdən sərbəst istifadə olunsun. İkinci varianta əsasən, internetdə müəlliflik hüquqları ilə obyektlər sərbəst istifadə edilsinlər, lakin bu proses müəllifə müəyyən mükafatın verilməsi ilə icra olunsun. Üçüncü variant isə odur ki, qanunvericilik sərtləşdirilsin və istifadəçilərin hüquqları bir az sıxılsın”.
 
 
Göstərilən 3 variant arasında Azərbaycanın öz təkliflərini irəli sürəcəyini bildirən K.İmanov qeyd edib ki, interneti idarə etmək üçün Azərbaycan əsas ikinci varianta üstünlük verəcək. Belə ki, internetdəki əsərlərdən icazə almadan istifadə ediləcək, lakin hüquq sahibi və ya müəllifə qonorar və mükafatlar ödəniləcək.
 
Seymur Qasımbəyli
 
 




20/02/14    Çap et