Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan İsrailin kənd təsərrüfatı texnologiyalarına maraq göstərir


Azərbaycan İsraillə kənd təsərrüfatı sahəsində  avtomatlaşdırılmış nəzarət sistemlərinin tətbiqi məsələlərini müzakirə edib.
 
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti kənd təsərrüfatı sahəsində əməkdaşlığın gələcək istiqamətlərinin müzakirəsi məqsədi ilə İsraildə səfərdədir.
 
Səfər çərçivəsində H. Əsədov  İsrailin istixanalar sahəsində ixtisaslaşan şirkətlərinin nümayəndələri ilə görüşüb. Görüş zamanı şirkətlər tərəfindən müxtəlif məhsulların yetişdirilməsi üzrə istixanaların quraşdırılması, həmin istixanaların müxtəlif növ kənd təsərrüfatı məhsullarının yüksək məhsuldar sortları ilə təminatı və avtomatlaşdırılmış nəzarət sistemləri ilə əlaqədar məsələlər müzakirə olunub.
Daha sonra nazir Heydər Əsədov İsrailin xarici işlər naziri Aviqdor Liberman ilə görüş keçirib. Görüş zamanı tərəflər iki ölkə arasında bir çox sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirmişdir. Nazir Heydər Əsədov Azərbaycanda İsrailin mütərəqqi kənd təsərrüfatı texnologiyalarının tətbiqi üçün potensial sahələr barədə müqabil tərəfə məlumat verib.
 
Nazir H. Əsədov 2014-cü ilin may ayında Bakı şəhərində beynəlxalq qida sənayesi və kənd təsərrüfatı sərgisinin keçiriləcəyini bildirib və bu sərgidə İsrail tərəfinin hər iki ölkənin işgüzar adamları arasında əməkdaşlıq üçün vacib platforma ola biləcəyini qeyd edib. Nazir Aviqdor Liberman iki ölkə arasında yaxşı səviyyədə olan əlaqələr kontekstində kənd təsərrüfatı sahəsində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və bu sahədə İsrailin təcrübəsini ölkəmiz ilə bölüşməyə Xarici İşlər Nazirliyi tərəfindən lazımi dəstək verməyə hazır olduğunu bildirib.

Aynur Vəliyeva




21/02/14    Çap et